1.08.2018

1 il, 4 gün...


Atamın əziz xatirəsinə...

Düz bir il dörd gündür ki, hər şey dəyişib. Ərköyünlüyüm keçib, elə bil bu müddət ərzində böyüyüb, qocalmışam . Əvvəllər elə zənn  edirdim ki, qocalıq çox uzaqdadır. Sən demə qocalıq da gözlə qaş arasındakı məsafə qədərmiş...
Bu bir il dörd gündə saçımın ağları da artıb, çənəmin üstündə iki-üç ağ tük qara saqqalımda par-par parıldayır. Hələ ruhumu demirəm... Ruhum yetim kimidir, kövrək, toxunsan ağlayacaq, ürəyimi yaşla dolduracaq.

Ata, yadındadır, bir vaxtlar 6 rəqəmini sevmirdim. Uşaqlıq edirdim, deyirdim 6 rəqəmi mənə düşmür. Amma sənin 60 yaşın olan günü elə yolda evə gələrkən, elə telefonumdaca, yubileyinə bir yazı yazmışdım. Özümə söz vermişdim ki, 6 rəqəmini ən azı, 70 yaşına kimi, mənə 60 yaşlı, başı uca dağlar kimi ağ olan atamı yaşatdığı üçün sevəcəyəm. Nə qədər səni istəsəm də bu yazı - pozu işində yazdıqlarımı sənə oxumağa utanardım. Həmişə anama oxuyardım. Bu dəfə də elə oldu. Anam səni çağırdı, yenidən utana-utana oxudum. Üzünü gizlədin amma gözlərindən  gizlin axan yaşları görürdüm.

Son vaxtlar gündüzlər gəzib dolaşsan da gecələr çox əziyyət çəkirdin. Nəfəsin gedib,  gəlmirdi. Təcili yardım həkimi gələnə kimi də mən ölüb dirilirdim. Deyirdin: ”Atam, qorxma, bir gün öləcəm də... Mən 11 yaşım olanda atamı itirmişəm.  Yekə kişisən, hər şeyə hazır ol. Amma mən öləndə, atamın yanınada yer yoxdu, məni harda dəfn eləsən, atamı da ora gətirib, məni atamın qucağına qoyarsan. Bu dünyada atamın iyini ala bilmədim, heç olmaya, qəbirdə sümüklərim atamın sümüklərinə qarışsın.”
Mən də həmişə “Eeeee  ay papa, bəsdi də yaxşı şey danış” deyib, sözün üstündən keçirdim. Çünki heç vaxt sənin öləcəyini qəbul etmirdim. Nə qədər xəstə də olsan, ağrısan da heç vaxt inana bilmirdim ki, sən ölə bilərsən.
Axır zamanlar yaman uşaqlaşmışdın. Elə bil sən uşaq , mən ata olmuşdum. Bir az halın dəyişən kimi tez məni səsləyirdin. “Atam, heç kimi oyatma, tez mənə həkim çağır, özün də yanımda dur, düzələcəyəm” deyirdin. Deyirdin və düzəlirdin də...  Ən ağır, ən çətin vəziyyətlərdən belə çıxmışdın, ayağa qalxmışdın. Mən də bütün uşaqlar kimi “Atam güclüdür, bu xəstəliyə də qalib gələcək, sağalacaq və çox yaşayacaq” deyə, inanırdım. Hətta, ölümünə bir – iki ay qalmış həkimlərin: “Bu xəstəlik insanı çox incitmir, birdən aparır.” sözlərinə də inanmamağa çalışırdım. Bir sözlə, ölümünü özümə qəbul elətdirə bilmirdim. Çünki sənin özünün də yaşamaq eşqin mənə güc verirdi. Düşünürdüm ki, atam hələ, azı, 80 il yaşayacaq...  Amma sonuncu gün ürəyinə nəsə dammışdı. Axşam evə gəldim. Halın özündə deyildi. Xəstəxanaya da könülsüz apardım səni, getmək istəmirdin. Evdən çıxanda, hər tərəfə diqqətlə baxdın, hər gün gündə bir neçə dəfə harayına gələn həkimlərə də üzürxahlıq edib: “Daha bu axırıncı gedişimdi, bir də sizi yormayacağam, incitməyəcəyəm” dedin. Anam da həmişə olduğu kimi “Bəsdi, sən Allah, yaxşı şeylərdən danış” dedi və səni Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirdik. Yalvarıcı baxışlarla: “Zaur, atam, məni ölməyə qoyma” dedin.  Mən də  “ölmək nədir ay papa , nə ölmək?” – deyib, evə qayıtmışdım. Gecəni də həmişəkindən daha rahat yatmışdım.
29 iyul 2017 ci il, saat 10:00
Səhər ev telefonunun zənginə həyəcanla oyandım. Xəstəxanadan həkim idi: “Təcili gəlin, 
sizinlə danışmalıyıq” dedi. Həkimə nə cavab verdim, heç bilmirəm. Tez, yenə anam, Hidayət və mən xəstəxanaya çatdırdıq özümüzü. Həkimdən qabaq sənin yanına gəldim. Yaxşı idin: “Atam, bayaq burda həkimlər öz aralarında danışırıdılar, eşitdim ki, guya, mənim bağırsaqlarım parçalanır, axşama çıxmaram. Görən, düz deyirlər, mən öləcəyəm?! Atam, mənə güclü müalicə lazımdır, gör neynirsən, nə deyirlər, al, ver, qoyma məni ölüm” dedin. Mən də tez: “Yox eee ay papa, sən də ki... Səndən danışmırlar, o başda ağır xəstə var, ondan danışırmışlar, səhv anlamısan” deyib, səni aldatdım. Sən də hər zamanki kimi inandın. Həkimin yanına keçdim. Düz eşitmişdin. Sən demə, illərdir, biz sənin
ürəyini müalicə etdirdiyimiz halda, amansız xərçəng bağırsağını yeyib qurtarmışdı. Bu illər ərzində də, son günə qədər hiss etdirməmişdi. Həkim: “Əlimizdən nə gəlirsə, edirik. Amma artıq çox gecdi. Artıq daxili qanaxma başlayıb. Axşam altıdan sonra təzyiqi düşəcək, onunla da...” danışırdı, artıq eşitmirdim. İnana bilmirdim. Elə, anam da: “Ay bala, özünü qorxutma, həkimləri bilmirsən, adamı qorxudurlar. Görmürsən, atan necə yaxşıdır. Danışır, yerindən qalxır, gəzir... Daxili qanaxması olan adam danışıb, gəzə bilər?!” öz aləmində məni qorumağa çalışırıdı ki, özümü itirməyim. Yenə, yanına gəldik. Sən ilk dəfə hamının yanında anamın əlindən tutub: “Xuraman, ölüm-itim dünyasıdır, birdən ölüb edərəm, mənə halallıq ver” deyib, ikiniz də kövrəldiniz. Mən isə daha sənə baxa bilmirdim, qəbul edə bilmirdim ki, sən vidalaşırsan bizimlə...  Axşama kimi xəstəxananın həyətində var-gəl etdik. Yanına çıxmırdım ki, səni də qorxutmayım. Axı, səni inandırmışdım ki, ölməyəcəksən... Ölümünə bir saat qalmış, zəng etdin: “Atam, burdasansa durma, get evə, narahat olma, yaxşıyam. Get, atam, durma ha, burda” deyib, vidalaşdın mənimlə... Bir saat sonra isə yanına qalxanda, artıq susmuşdun, sadəcə nəfəs alır, can verirdin...  Anam, Hidayət səni elə görüb, qışqırdılar, ağladılar... Mən yenə də inana bilmirdim, onları sakitləşdirirdim: “Siz nə edirsiniz? Niyə, onu qorxudursunuz? Qorxutmayın!” deyib, gözümün içinə zillənən gözlərinə baxaraq: “Papa, narahat olma, sadəcə təzyiqin düşüb, indi həkimlər iynə vurub, qaldıracaqlar...” dedim. Sənsə, bu dəfə gülümsəyirdin. Özümə də qəribə gəlirdi ki, sən bu halında nəyə, kimə gülümsəyirsən axı... Tez həkimə yaxınlaşdım: “Qurban olum, atama kömək edin, iynə vurun, özünə gəlsin” deyib, yalvardım. Həkim: “Zaur, o özü bizdən xahiş etdi ki, ona yaxınlaşmayaq, rahat canını versin. O, bilir hər şeyi. Nə etsək, belə mənasızdır, özünü ələ al” desə də, mən onu məcbur etdim. Gəlib, sənə iynə vurdular. Amma sən elə bil, başqa aləmdə idin. Elə, hey gülümsəyirdin... Bu gülümsəmə ilə də həkim: “Keçindi” dedi. “Ola bilməz, atam gülür, ölməyib, aldatmayın bizi” deyərək, ora-bura qaçırdım. Üzünü bağlamaq istəyəndə də, qoymadım. “Bağlamayın, atam ölməyib, indi özünə gələcək, təzyiqi düşüb sadəcə...” deyirdim.   
Məsciddə mürdəşiri səni yumağa qoymadıq. Hidayətlə mən yuduq. “Hidayət üstünə soyuq su vur, ola bilər , özünə gəlsin” deyirdim. Papa, bilirsən necə qəribə olmuşdum?! Yarıyolda maşından düşdüm. Öz-özümə dəli kimi ətrafa baxdım, evdə yolunu gözləyən anama zəng elədim: “Mama, atama nə olub, hamı zəng edir, gəlir, “Allah rəhmət eləsin” deyir” deyəndə, anam telefonda qışqırdı ki, özünü ələ al, hüzürü yola verməlisən! Onda, yenidən ayıldım, amma yenə də ölümünü qəbul edə bilmirdim. Hətta, mənə başsağlığı verənlərə acığım tuturdu. “Allah rəhmət eləsin” sözünü deyəndə, hönkür-hönkür ağlayırdım: “Yox, bu söz atama aid deyil. Atam ölməyib ki, mənə niyə belə deyirlər” deyə, içimi yeyirdim...   Gecə də  səhərə qədər başının üstündə oturdum.  Sağlığında sənin  zəhmindən, özümün utancaqlığımdan sarıla bilmədiyim, cansız bədəninə sarıldım, həyatımda ilk dəfə səni - cansız cəsədini öpdüm. Bəlkə hiss edəsən ayılasan deyə. Amma...
Səni dəfn edənə kimi bir ümid var idi içimdə. Bəlkə... 
Amma ağ kəfən səninlə birgə sonuncu “bəlkə” adlı ümidimi də alıb apardı, onu da məzarına qoyduq...
Evdə heç vaxt səni tək qoymazdım. Gecələr  özüm yanında  dururdum, gündüzlər də”Atam xəstədi, tək qoymayın ha...” deyirdim. Sən də mənsiz qalmırdın. Deyirəm axı, axır vaxtlar sən uşaqlaşmışdın, mən atalaşmışdım...
Ölümündən keçən 9 ayda səni o qəbirdə tək qoymamağa çalışdım. Hər gün,  Hidayətlə, anamla gecə bilmədən, gündüz bilmədən qapısız, pəncərəsiz  evində sənin ziyarətinə gəldim. Gecələr telefonumla torpağına işıq salırdım. Mənə elə gəlirdi ki, telefonumun nazik, zəif işığı torpaqdan süzülüb,  sənə çatır, evin işıqlı olur. Axı sən də mənim kimi işığı, Günəşi sevirdin...
Nəhayət, 9 ayın tamamında Ərdəbilin Ümitcə kəndindən,  atan Hidayətin doğulduğu həyətdən torpaq  gətirdim, sonra da Yasamal qəbirstanlığında itib-batmaq üzrə olan babamın qəbrini açıb, sümüklərini kəfənə yığıb, söz verdiyim kimi sənə gəldim.  Papa, bilirsən nə çətin gün idi həmin gün...
Təsəvvür elə, 52 ildən sonra 57 yaşında ölən  babamın sümüklərini yığıb, 11 yaşında qoyub getdiyi 62 yaşlı oğlunun yanına aparırdım. Yol boyu, mən ağladım, Hidayət ağladı. Həmin gün bəlkə də 60 il qocaldım mən.
9 ay sonra üstündəki torpağı dağıdıb, qapısız, bacasız evinin üstünü açdıq. Səni 9 ay həsrətdən sonra yenidən görürdüm. Həm də necə... İlk gün necə qoymuşduqsa, elə... Kəfənin belə saralmamışdı. Gözlərimə inana bilmirdim. Necə idinsə elə... Başını qaldırıb, 57 yaşlı atanın sümüklərini sənin başının altına qoyub, Ərdəbilin Ümitcə kəndindən gələn torpağı isə xalı əvəzi yeni mənzilinizə səpdim ki, başını atanın dizləri üstə qoyub,  rahat uyuyasan...
Papa, bax, mən sənə nə söz vermişdimsə elədim.  Xatirən də nəfəsim gedib- gəldikcə, mənimlə yaşayacaq. Adını da sağlığında əbədiləşdirib, soyadımı “Qəriboğlu” olaraq, dəyişmişdim. Sən də bilirdin ki, nəslimiz davam etdikcə, “Qəriboğlu” soyadı yaşayacaq. Hamı biləcək ki, 1914 –cü ildə Ərdəbildən Gəncəyə, ordan da Bakıya köçmüş  Hidayət adlı bir kişi olub. Həmin kişi ondan sonra gələn nəsillərin babalarının qərib olduğunu, onların da Qəriboğlu olmasını bilməsini istəyərək, sonuncu oğlunun adını Qərib qoymuşdu. Mən də bu istəyi gerçəkləşdirib, ailəmizə “Qəriboğlu” soyadını götürdüm.
Dörd gün sonra ad günündü, 63 yaşın olacaq. Papa səni təbrik edirəm. Bağışla ki, quru sözlə təbrik etdim.  Sən bu ad gününü  yeni evində keçirəcəksən atanla birgə, amma bizsiz... Keçirəcəksən də deyirəm, bəlkə də heç orda ad günü, ölüm günü deyilən bir məhfum yoxdu... Amma mən bu dünyada səni qəlbimdə yaşadaraq, doğum gününü qeyd edəcəyəm... Çünki sən  mənim üçün hər zaman yaşayırsan! Sən də heç olmaya, bu qədər soyuqqanlı olma. Axı yanımızda olanda, çox həssas və kövrək idin. Mənsiz dura bilmirdin. Nə oldu, qara torpaq məni soyutmadı, amma səni bizdən soyutdu?!. Yoxsa, atanla illərin həsrəti bitdiyi üçün bizi unutdun?! Heç olmasa, arada yuxuma gəl... Mən səni yuxularımda gözləyirəm. Öz atanın yanında olsan da mənim atam olduğunu unutma...
 Gec ya tez, zamanı çatanda, səninlə mütləq görüşəcəyik! O zamana qədər isə ÖZÜNÜ QORU PAPA!
  1 avqust 2018
Saat: 03:05