11.07.2018

Gəncədə nə baş verir? VİDEO ŞƏRH

Bu gün Gəncədə baş verənlər məni çox üzdü! Diqqətimi çəkən bir məqamda odur ki, aksiyada  insanlar arasında “Allahu Əkbər” şüarları səsləndirilirdi. Həm də, aksiyanı nədənsə, ölkənin bu qədər media qurumları olduğu halda, İran meyilli bir saytın əməkdaşı işıqlandırırdı! Həm də bu özünü "jurnalist" adlandıran xanım "Burda polis zorakılığıdır, polislər insanlara qarşı zorakılıq edirlər" deyə, anons edirdi. Maraqlıdır, polis zorakılıq edirdisə, nədən, orda iştirak edən qruplaşmadan bir nəfər yox, məhz, iki polis əməkdaşı öldürülür?!

Qəribədir, İranda insanlar dünyəvi dövlətə keçid etmək istəyir, bizim isə içimizdə olan bəzi satqınlar şəriət dövləti qurmaq iddiasına düşüblər! 
Bəli, ölkədə müəyyən məmurların özbaşınalığı var, insanlarla “ağa-rəiyyət” kimi rəftar edirlər! Amma heç bir hal imkan verməməlidir ki, bu dindar zümrələr haralarınsa fitvaları ilə ölkəmizdə qarşıdurma yaratsınlar, qardaş qanı tökülsün! Hamılıqla, Azərbaycan dövlətinin, bayrağının ətrafında sıx birləşməli, bu dindar zümrələrə imkan verməməliyik ki, on minlərlə şəhid qanı bahasına qurulan dünyəvi dövlətimizin təməlini laxlatsın, bizi-bizə qırdırsınlar! 
Dəfələrlə yazılarımda, çıxışlarımda da qeyd etmişəm ki, bu gün Azərbaycan üçün ən böyük təhlükə sivil müxalifətin olmaması, xaricdən idarə olunan bir qrup, hələ də orta əsrlər təfəkküründə olan “dindar” qruplaşmaların artmasıdır! Sonuncu Aşura mərasimində iştirak edən insanların sayı dövləti tərpətməli, bu istiqamətdə ciddi tədbirlər görülməli, milli dövlətçilik, dünyəvi ölkə prinsipləri  istiqamətində ideoloji işlər aparılmalı idi. Bu işdə QHT-lərin və medianın gücündən istifadə olunmalı idi. Xüsusilə, QHT-lər Bakıda layihə icra edib, xaricə gedib, şəkil çəkdirib, gəlib, hesabat verməyə son verib, regionlarda işləməlidir! Öncə öz insanımızla işləməli, öz insanımızı maarifləndirməliyik ki, xarici təsir altına düşməsin! Baxın, dünyada bir dənə də olsun, şəriət qanunları ilə idarə olunan, amma demokratik, inkişaf etmiş ölkə göstərə bilməzsiniz! Nicatımız dünyəviləşməkdə, demokratiya yolunda yorulmadan irəliləməkdədir! 
Mən bir daha, Gəncədə baş verən hadisələrdən narahatlığımı ifadə edir, şəhid olan polis zabitlərimizə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm!
İnanıram ki, Azərbaycan dövləti son baş verən olaylarla bağlı ciddi araşdırma aparacaq, bu hadisədə zərrə qədər rolu olan şəxslər ən kəskin formada, ictimai görklə cəzalandırılacaqlar!