11.10.2017

Oliqarxlar “yanacaqmı”?!

"Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir". Bu sözləri cənab Prezident İlham Əliyev 19.05.2015 – ci il tarixdə Azadlıq prospektində baş verən yanğınla əlaqədar yaradılmış komissiyanın iclasında dedi. Və ölkənin başçısı həmin hadisə ilə bağlı keçirilən iclasda çıxış edərək: “Bəlkə, binaların üzlüklərinin dəyişdirilməsi prosesinə Avropa oyunlarından sonra başlayaq?!” - təklifi ilə çıxış edən baş nazirin müavini Abid Şərifova: “Elə hadisələr var ki, Avropa oyunları onların qarşısında heçə bərabərdir” cavabını verdi. Bu ölkənin başçısının, xalqın liderinin öz millətinə verdiyi dəyər idi.  Hansı ki, cənab Prezident əslində, bu ifadəsi ilə hər kəsə mesaj verdi ki, mənim üçün bu millətin maraqlarından, taleyindən önəmli heç nə yoxdur.

Prezidentin son hadisələrə reaksiyasına sosial şəbəkələrdə müxtəlif prizmalardan yanaşanlar oldu. Ən sıravi vətəndaşdan tutmuş, siyasi proseslərdə iştirak edən aktiv sosial şəbəkə istifadəçiləri bu reaksiyanı yüksək səviyyədə dəyərləndirdilər və bir daha əmin olduq ki, xalq – prezident həmrəyliyi kifayət qədər yüksək səviyyədədir.
Qeyd etmək, istəyirəm ki, yanvar ayından başlayaraq, Azərbaycanda iş yerlərində kütləvi ixtisarlar, işlərin bağlanması prosesi başladı. Və bu prosesə səbəb olaraq da, “Baku - 2015” göstərildi. Gəlin bir nəzər salaq, əslində nə baş verdi?!
“Baku - 2015” I Avropa oyunlarına hazırlıq yanvar ayından yox, ötən ildən başlamışdı və heç bir problemsiz də iş davam edirdi. Elə ki, yanvar ayı gəldi, bəzi oliqarxların kürkünə birə düşdü. Başladılar dolayısı ilə tabeliklərində olan iş yerlərində ixtisarlar etməyə, iş yerlərini bağlamağa. Səbəb nə idi?! Səbəb dövlətin onlardan qanunlara uyğun işləməyi, vergini vaxtlı – vaxtında ödəməyi tələb etməsi idi. Bu vaxta qədər oğurluqla, vergidən yayınmaqla işləməyə öyrəncəli olan oliqarxlar, bu dövlətin hesabına qazandıqları pullardan vergi ödəməmək üçün iş yerlərini bağladılar və bunu açıq – aşkar hər bir işçiyə deməkdən də çəkinmədilər: “Avropa oyunlarına görə işləri bağlayırıq”. İndi mən sual edirəm: Niyə, səbəb nədir?! Siz dövlətsinizmi, yoxsa, bu oyunları dövlət yox, sizmi keçirirsiniz ki, pulunuz çatmayıb?! Beləliklə də dövlətlə insanların arasında bir inciklik yaratdınız. Bu gün şəhərdə kimi dindirsən, hamı bu oyunların keçirilməsindən narazıdır. Niyə, çünki insanlar bu oyunlar səbəbi ilə, işlərindən uzaqlaşdırılıb. Hansı ki, məhz həmin oliqarxlar özlərinin dolanışıq səviyyəsi və pulları heç bir maliyyə dəstəyi almadan, işləri bağlamayıb, öz hesablarına bundan sonra 10 il belə işlətməyə gücləri çatardı. Amma onlar öz maraqlarına görə səbəb kimi “Baku - 2015” - i göstərib, işləri dayandırdılar. Saxladıqları işlərdə də insanların maaşlarını iki dəfə azaldıb, bu gün də çalışanları istismar etməyə davam edirlər. Bunu dövlət demədi, bunu Prezident istəmədi. Çünki ən azından insanlar məhz ölkə başçısının xalqına, dövlətinə olan münasibətini bilir. Məhz, “Baku - 2015”  I Avropa oyunları da hakimiyyətin bu millətə, bu dövlətə verdiyi dəyərdir. Deyəcəksiniz, necə dəyər?! O dəyər ki, bu gün dünyada artıq silahlı müharibələrdən də çox informasiya müharibəsi geniş yayılıb. Ölkəmiz müharibə  şəraitində yaşayır və dövlətimiz bu gün bütün dünyaya öz haqq səsini çatdırmaq üçün nə lazımdırsa, artıqlaması ilə edir. Lakin beynəlxalq aləmin ikili standartlarla yanaşması ucbatından təəssüf ki, ortada ciddi bir nəticə yoxdur. Hələ də 20 % torpaqlarımız düşmən tapdağı altındadır. Mən uzun müddət Qarabağla bağlı çoxdilli bir sayta rəhbərlik etmişəm. Bilirəm ki, hal – hazırda qloballaşan dünyada yaşayırıq. Biz qloballaşan dünyaya mədəniyyətimizi, tariximizi və digər bu kimi adət - ənənələrimizi göstərərək əslində, ermənilərin bütün dünyada haqqımızda yaratdıqları yalan dolu fikirləri məhv edə bilərik. “Baku - 2015” I Avropa oyunları da bu kimi təbliğat xarakterli tədbirlərdən biridir. Dünyanın bir çox ölkələrindən Azərbaycana gələcəklər. Tədbirə gələn idmançılar və sadə vətəndaşlar əslində Azərbaycanın necə olduğunu öz gözləri ilə görəcəklər. Qayıtdıqdan sonra da ən azından, bu ölkə haqqında məlumatlı olacaqlar və gördüklərini, ölkəmizin inkişafını ünsiyyətdə olduqları insanlara çatdıracaqlar. Məhz elə bu səbəblərdən dolayı bu kimi tədbirlərə millətini sevən hər bir kəs dəstək olmalıdır. Amma... Bir amma var ki, bu gün bəzi oliqarxlar bilərəkdən insanlarda narazılıq yaradırlar. Bu oliqarxlar ucbatından işlərini itirən insanlar: “Bu oyunlar olmasaydı, işləyirdik də...” - deyirlər. Sadə insanlar I Avropa Oyunlarının siyasi mahiyyətini dərk etməyə bilərlər. Amma bu oliqarxlara münbit şərait yaratmamalıdır ki, öz “oyunlarına” görə I Avropa oyunlarını bəhanə gətirib öz maraqlarına görə dövlətin maraqlarını qurban verib, insanlarla dövlət arasında inciklik yaratsınlar. Bu oliqarxlarda DÖVLƏT anlayışı hakimiyyət və güc anlayışından başqa bir şey deyil. Amma onlar anlamırlar ki, DÖVLƏT tamam fərqli bir anlayışdır və bu gün hər kəs bu DÖVLƏTin maraqlarına xidmət etməli, onu qorumalıdır. Bu oyunları hakimiyyət yox, DÖVLƏT keçirir. Bu oyunlar Azərbaycan dövlətinin dünyada artan nüfuzunun daha bir uğurudur. Hansı ki, bu uğurdan hakimiyyət yox, DÖVLƏT və MİLLƏT yararlanacaq. Amma DÖVLƏT son hadisələrlə onu da onlara bir çox mətləbləri başa saldı. Kimliyindən asılı olmayaraq hər kəsə göstərdi ki, Azərbaycan DÖVLƏTinin qanunları qarşısında hamı bir nəfər kimi bərabərdir!
Qayıdaq, on beş nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə. Hamı başladı dövləti, dövlət başçısını tənqid etməyə. Amma ölkə başçısı yenə böyük təmkinlə davranaraq, yuxarıda qeyd etdiyim açıqlaması ilə hamının cavabını verdi və göstərdi ki, MƏN XALQIMA XİDMƏT EDİRƏM!
Zaur Qəriboğlu