11.10.2017

Mən atası qərib olan Qəribin oğluyam

Bu gün atamın 60 yaşı tamam oldu. İşlər o qədər çoxdur ki, evə gec getdim. Amma lap, tez getsəydim belə, nədəndir, bilmirəm, amma atamı heç vaxt təbrik etməyə cürət etmirəm. Amma atamı çox sevirəm və elə bu üzdən də bir ömür özüm və özümdən sonra gələnlər Qəriboğlu soyadını daşıyacaq.
Heç vaxt atamın inciməsini, küsməsini, kiminsə onun xətrinə dəyməsini istəməmişəm. Bu gün o, bir az xəstədir. Ola bilər, xəstəliyi evdə kimisə incidir, kimisə narahat edir. Amma mən hər zaman onun necə olur olsun, evə daxil olanda özü demiş uca dağlarında başı kimi qar olan ağ saçlarını görmək, haqlı,haqsız məndən inciməsini görmək istəyirəm. Ata, 6 rəqəmini heç vaxt sevməmişəm, amma bu gün sənin 60 yaşın oldu, artıq, sənin yaşın 70 olana qədər, 6 rəqəmini hey sevəcəyəm. Çünki 6 mənə 60 yaşlı, ağ saçlı atamı yaşadır. Doğum günün mübarək! Mən nə olur olsun, sənin oğlunam və səninlə qürur duyuram. Mən atası qərib olan Qəribin oğluyam. Sənin üçün sadəcə Zaur...

QEYD: Bu yazı 5 avqust 2015 - ci ildə yazılıb. Atam 29 iyul 2017 - ci ildə bizlərə vida etmişdir.