10.10.2017

İnformasiya təhlükəsizliyi


Hal – hazırda Qarabağa qayıdışın əsas simvolu halına gələn Cocuq Mərcanlıda çox ciddi yenidənqurma işləri davam edir. Bu onun göstəricisidir ki, Azərbaycan dövləti bütün işğal olunmuş ərazilərini azad edib, tam müasir standartlara cavab verən, insanların yaşaması üçün yüksək şərait yaratmaq iqtidarındadır. 



Bu günlərdə Mətbuat Şurası və “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin bir qrup müəllim heyətinin, o cümlədən tanınmış jurnalistlərin, media təmsilçiləri və ictimai xadimlərin cəbhə bölgəsinə səfəri təşkil olunub. Nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarət edib, sosial obyektlərlə tanış olublar. Bu kimi tədbirləri sıx-sıx təşkil etmək çox lazımdır.Lakin kənddə yeni tikilən və yeni tədris ilində istifadəyə verilən məktəbin önündə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov yaxın gələcəkdə Şuranın “Beynəlxalq Avrasiya Mətbuat Fondu” ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirdiklərini deməsi fikriylə icazə verin, razılaşmayım.
Əflatun müəllimin daim Parlamentdə jurnalistlərlə bağlı qaldırdığı məsələlər təqdirə layiqdir. Heç olmasa, sözümüzü qismən də olsa, hökümətə çatdıran var. Amma müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan ölkəmizin qaynar cəbhə xəttində Media Mərkəzinin açılmasını doğru hesab etmirəm. Bu yazını da ona görə yazıram ki, dəyərli Əflatun müəllimin təklifi mediada tirajlanır.
Artıq dünyada silahlar susub, daha təhlükəli olan informasiya savaşı başlayıb. Bu müharibənin də bel sütunu informasiya təhlükəsizliyidir. Müharibə ərazilərində bir çox hallarda təhlükəsizlik baxımından informasiya ötürülməsinə haqlı olaraq, ciddi məhdudiyyətlər qoyulur. Bu qoyulan məhdudiyyət dövlətin informasiya müharibəsi zamanı hazırlanan strategiyalarının kənar qüvvələr tərəfindən bu və ya digər şəkildə əldə olunmasına qarşı alınmış tədbirdir. Çox hörmətli Əflatun müəllimin ideyası ilə biz orda Media Mərkəzi tiksək və davamlı olaraq təmas xəttində informasiya bazası yaratsaq, bu informasiya bazasından kiçik bir hissəsinin belə düşmən xüsusi xidmət orqanlarının əlinə keçməyəcəyinə və bizə qarşı kompramat olaraq istifadə olunmayacağına necə təminat verə bilərik?! Ən əsası isə deyək ki, biz bu Media Mərkəzini Cocuq Mərcanlıda tikdik. Ora gələn xarici jurnalistlər necə seçiləcək, hansı kriteriyalar əsas götürüləcək, hardan biləcəyik ki, həmin jurnalist üçüncü ölkə vasitəsilə düşmənə informasiya ötürmür?! Təcrübədə dəfələrlə Azərbaycana gətirilən, “erməni sevdalı jurnalistlər”i görmüşük. Bu üzdən də cəbhə xəttində Media Mərkəzinin yaradılmasını məqsədə uyğun hesab etmirəm. Əgər, bizə məlum olmayan təhlükəsizlik tədbirləri görülə bilərsə, nə gözəl...
Ümid edirəm, hörmətli Əflatun müəllim sözlərimdən inciməyəcək, nəhayətdə hamımızın məqsədi, amalı birdir.

Zaur Qəriboğlu