11.10.2017

Bu torpağa hörmət edin!

Bu gün məmləkətimiz Azərbaycan hər tərəfdən düşmənlərlə əhatələnib. Və ölkəmizin uğurlarına sevinə bilməyən qüvvələrin daxilimizdəki “züy tutanları” çox rahat bir şəkildə işləyirlər. Bu “züy tutanlar”ın ən ağır və ən təhlükəli formaları isə din pərdəsi altında çalışanlardır ki, İran mollalarının qarşısında iki qat əyilirlər və bu adamlar bu gün hakimiyyətə yox, DÖVLƏTƏ qarşı müxalifətçilik edirlər.
Bu adamların zərərsizləşdirib, həbs olunmasının tam tərəfdarıyam.
Sabah kimsə bunları da Azərbaycanda “siyasi məhbuslar”ın bir uzantısı kimi təqdim edəcək. Amma məhz DÖVLƏTçilik məsələlərində həbs olunan vətən xainlərinə xahiş edirəm, siyasi məhbus adı verməyin. Bu adamlar "Biz zülmə baş əymirik" deyirlər, amma hansısa bir İran mollasının qabağında ikiqat əyilirlər. Soruşmaq lazımdır hansı zülmə?
Bəlkə dövlət sizlərə aqressiv yanaşıb?
Bəlkə dövlər sizin inancınızı əlinizdən alıb?
Bəlkə dövlət hər hansı bir ayini keçirməyinizə mane olub?
Bunların heç biri mümkün deyil, sadəcə sizlər cahilsiniz, daha dəqiq desək radikal düşüncələr və xürafatla beyinləriniz yuyulub.
İnciməyin, amma siz öyrəşmisiniz onun – bunun qabağında dövlətinizi bir “malades”ə, bir “xub”a satmağa!
Kimdən kimə şikayət edirsiniz, Tanrı xətrinə? Şikayət etdiklərinizə çoxmu lazımsınız siz? Vallah, onlar sizi yeri gələndə elə qurban verəcəklər. Özü də, lap, belə kefiniz istəyən kimi!
Hətta,  siz nə qədər onların şəklini başınızın üstündən asıb, ağızlarınız köpüklənə - köpüklənə “ağam, ağam!” – desəniz də!..
Hasili – kəlam, düşünməyin ki, mən kiminsə tərəfindəyəm. Vicdanım və milli heysiyyatım mənə bir həqiqəti diktə edir: bu insanların azadlıqda olması Azərbaycan DÖVLƏTİ üçün olduqca təhlükəlidir.
İstənilən dövlətdə hakimiyyətin ən ümdə vəzifəsi DÖVLƏTin təhlükəsizliyinə qarant durmaq olmalıdır.
Amma vətəndaşlar da canı – qanı ilə bu Vətənə sahib çıxmalı və bu “ağalarının” qabağında pəjmürdə vəziyyətdə dayanıb dövlətini onlara şikayət edənlərə də həddini bildirməlidir.
Zaman o zamandır!
İndi buyurun, cənablar, qoruyun bu DÖVLƏTi.
Bu gün din pərdəsi altında DÖVLƏTÇİLİYİMİZİN təməlini qazıyanlardan öncə VƏTƏNimiz üçün oğlanlarımız qanlarını bu torpağa töküblər.
Bu qana hörmət edin!!!
Bu qana hörmət etmək borcunuzdur! Hörmət edə bilmirsiniz, bu torpağın üstündə gəzməyin!
Zaur Qəriboğlu