2.12.2012

MƏN ZAMANI SEVMİRƏM (Cizgilər...)


Mən zamanı sevmirəm!
İnsanla oynayır
Onu sevəndə.
Gəncliyə yol olur-
uçurum yolu,
əvvəl qovuşdurur
iki  ürəyi,
Sevdirir oğlana
həm qızı, həm də
Oğlanın qəlbini
Tapşırır qıza.
Aldadır,
gah  iki taleni
bağlayır üzdə,
gah Ona inanan
 həssas ürəklər
qovrulur amansız  qayım
əlində – ölümlü zamanın...
Unutdura bilir
Sevgi  sözünü
heç nə olmamış  tək.
Yaman dəyişkəndir,
mən zamanı sevmirəm!
***
 Bəşərdə millət görür,
Sonra düşmənləşdirir.
Dava salır araya,
Qan-qada
 sellər kimi
niyyətlərə yeriyir,
məqsədlərə hökm edir.
Birinin torpağını
parçalayır, paylayır,
məhv eləyir aləmi –
birini məğlub kimi,
birini qalib kimi.
Zəifdə milliliyi
güclüdə də vicdanı
öldürür naib kimi.
Birini manqurt kimi
aldadıb
 tarix yazır!
Millətləri amansız
BMT-lərə tapşırır,
ATƏT-lərə haqq verir
Ağa kimi davransın,
ədaləti unutsun,
həqiqəti qəhr etsin...
Mən zamanı sevmirəm!
Doğur,
Yaşadır,
Öldürür,
Atanı,
Ananı,
Ən sevdiyin insanı
unutdurur!
Qəbirstanlığa gedirəm,
Neçə-neçə əsrlərin,
ölüləri torpağa qarışıb,
Sinədaşları
ayaq altında tapdanır.
Bəlkə də
ayağımın altında tapdanan
Torpağın altında
 ulu babam,
ulu kimsəm uyuyur.
Nəvəsinə
 babasının torpağını
 tapdadan Zaman,
Mən səni sevmirəm!
Eh, Qəriboğlu,
Pisləri  deyəndə,
Ümid də göstər.
Hər şeyin sonu deyil!
Axı Əbədiyyət də var.
De!
Mən Onu  sevirəm,
əsil olmaq istəyəni
yaşadır,
Mən Onu sevirəm!
Nizamini,
Füzulini,
Nəsimini,
Sabiri,
Mirzə Cəlili
Yaşadır...
Zaman ədalətsizlik etsə də,
Əbədiliyə
 ziyan verə bilmir.
Zamanı çatanda,
Alçağı rədd edir,
Ucanı ucaldır.
Mən Onu görəcəmmi?!
Bilmirəm!
Amma Onu sevirəm!..

17 noyabr 2012,
Bakı.