8.11.2012

QARA BAĞLARIMIZ...


“Sahib çixmadığına sahib çıxacaqlar”

Zaur QƏRİBOĞLU
            Artıq iki aya yaxındır ki, “KarabakhİNFO.com” (www.karabakhinfo.com) e-jurnalı fəaliyyətə başlayıb. Qeyd edim ki, e-jurnal Qarabağla bağlı dörd dildə fəaliyyət göstərən və hər gün yenilən yeganə saytlardandı. Baxmayaraq ki, ermənilərin Azərbaycan dilində, saxta məlumatlarla zəngin olan və hər gün yenilənən bu tipli saytları hədsiz çoxdu. Hər gün öz dilimizdə bizə qarşı təbliğat aparır, bununla yanaşı digər dünya xalqlarının dillərində də özlərini yazıq, hücuma məruz qalmış xalq kimi qələmə verirlər. Bunun nəticəsidir ki, demək olar dünyanın bir çox yerində erməniləri yazıq, daima türklər tərəfindən basqı ilə üz-üzə qalan millət kimi tanıyırlar. Bu reallıqdır... Biz hər zaman özümüzü çox uzaqlarda axtarıb, özümüzdən uzaqlaşmışıq... Mən özümdən uzaqlaşıramsa, demək, mənim olana da qonşum sahib çıxacaq, onu qoruyub, saxlayacaq. Bu gün
Qarabağ da belədir... Vacib deyil ki, biz silahlı müharibədə məğlub olmuşuq, onlar qalib... Əsas məğlubiyyət informasiya müharibəsidir ki, qəbul etməliyik ki, əlli milyonluq xalq üç milyona bu müharibəni də uduzur. Yaxşı, deyirik ki, Qarabağ müharibəsində Rusiya Ermənistana kömək etdi deyə, uduzduq. Bəs, indi informasiya müharibəsində də rus kömək etmir ki... Biz e-jurnalımızın sosial şəbəkələrdə qrupunu, səhifəsini açmışıq ki, Azərbaycan reallıqlarını daha geniş auditoriyaya çatdıraq, Qarabağ həqiqətlərini bütün dünya bilsin. Amma biz öz-özümüzə yalvara-yalvara həmin səhifələrə insanları cəlb edirik ki, gəlin, bizə dəstək olun. Fəqət, baxın, bəyənmədiyimiz ermənilərin sosial şəbəkələrdə eyni tipli səhifələrinin, qruplarının sayına, yaranmasından az müddət ötməmiş üzvlərinin, dəstəkləyənlərinin sayı milyonları ötür. Və onlar sonra da bu milyonlarla üzvü olan səhifələrdə bizim Qarabağ həqiqətləri ilə bağlı səhifələrimizi şikayətə çıxarıb, asanlıqla bağlatdırır, fəaliyyətimizi ağsadırlar. Bizimkilər də qəti buna reaksiya vermirlər. Amma baxın, bizim sosial şəbəkələrdə +18 səhifələrimiz var ki, həmin səhifələrin üzvlərinin sayı milyonları da ötüb... Baxın, qız gəlini erməni əlində, torpağı dığa tapdağı altında olan bir millətin marağına...
***
            29 oktyabr Zəngilan rayonunun ermənilər tərəfindən işğal olunmasından 19 il ötürdü... Bununla bağlı “KArabakhİNFO.com” (www.karabakhinfo.com) e-jurnalının əməkdaşları iki dildə (İngilis, rus) BMT-nin baş katibi Pan Gi Muna bu vaxta qədər adıçəkilən təşkilatın məlum dörd qətnaməsinin (822, 853, 874, 884) yerinə yetirilməməsi ilə bağlı etiraz müraciəti göndərdi. Bu müraciətin bir nüsxəsi də Azərbaycan dilində ölkəmizdə fəaliyyət göstərən bütün mətbuat orqanlarına göndərildi. Təəssüf hissi ilə qeyd edirəm ki, bu informasiyanı bir dənə də olsun mətbuat orqanı dərc etmədi. Səbəb də məlumdur, müraciəti imzalayanlar sayt əməkdaşlarıdır, həmin mətndə bir neçə yerdə saytın da ünvanı keçir, birdən həmin mətbuat orqanlarını oxuyan oxucular maraqlanıb, sayta daxil olarlar, bununla da həmin mətbuat orqanları təmənnasız olaraq, Qarabağla bağlı olan bir sayta IP qazandırarlar. Biz beləyik axı, təmənnasız heç bir iş görmürük. Biz erməni deyilik ki, ümummilli məsələlərdə birlik nümayiş etdirib, əl-ələ verib, həqiqətlərimizi yayaq... Bunun üçün erməni olmaq lazımdır.
***
            Bu gün müasir Azərbaycan gəncinin bir çoxundan Qarabağla bağlı nəsə soruşşaq: “Mən patriot deyiləm. Nə də, mənə Qarabağ – zad lazım deyil. Biz dünyaya, avropaya inteqrasiya etməliyik” – cavabını verəcək. Sual edirəm, özünüzü bu qədər ağıllı hesab edirsiniz, bəs, niyə inteqarasiya etdiyiniz Avropa və ağılsız, zəif hesab etdiyiniz erməni millilikdən ayrılmır, ancaq bizim kimi böyük xalqların şüurunu zəhərləyib, hər şeyini əlindən alıb, özü bizim millilərimizdən özünə “milli” düzəldib, bizi də heç nəyi olmayan, yaddaşsız, zəif bir xalqa çevirmək istəyir?!. Bunun fərqindəmisiniz cənab qından çıxıb, qınını bəyənməyən, “avropalılar”?! Təəssüf doğuracaq haldır ki, bu fikirdə olanların əksəriyyəti xəritədə Avropanın harda yerləşdiyini göstərə bilməz. Çünki Biləcəridən o yana keçməyib... Elə hardansa eşidib ki, Avropa var, nəsə yaxşı bir şeydir, qoy, mən də, avropalı olum... Mən də Avropaya inteqrasiya etməyin, onların yaxşı xüsusiyyətlərini özümünkiləşdirməyin tərəfdarıyam. Fəqət, cənablar, avropalı olmaq milli kimliyini danmaq deyil. Avropalı olmaq milli kimliyini qoruyaraq, özünün olana sahib çıxaraq müasir dünyada yaşayanlardı...
***
            Bu günlərdə youtube saytında “Armenian Traditional Wedding-ARF 2011” adlı video gördüm. Maraqlanıb, baxdım. Ermənilərin ziyafət məclislərindən birinin görüntüləri idi. Hər kəsin əynində Azərbaycana məxsus milli qiyafələr, Azərbaycanın milli musiqilərini öz milli musiqiləri kimi təqdim edib, oynayıb, şənlənirlər. Həm də elə ki, bu görüntünü izləyən başqa bir millətin nümayəndələri qətiyyən hiss etməzlər ki, gördüklərinin heç biri onlara məxsus deyil, hamısı Azərbaycan xalqından oğurladıqları millilərdir ki, ermənilər bunu özləri üçün “milliləşdiriblər”. Səbəb nədir, özümüzə olan yad, ögey münasibət...
            Bu yaxınlarda toydaydım. Toyda bir – iki milli rəqs havası eşitdim, ya eşitmədim... Hamı bayağı xarici ifaçıların sözlərini anlamadığı mahnılarına oynayırdı... Həmin anda kimsə sazda milli rəqs havası sifariş verdi. Oynayan gənclər toplu şəklində mərasimi idarə edən masabəyini az qaldılar ki, döysünlər. Dərhal mahnını dəyişdirib, yenə də “hop-stop”la düşdülər ortalığa... Elə bu anda xalq şairimiz Fikrət Qocanın “Cənnətdən qovulanlar” poemasındakı bir bəndi xatırladım:
Millətin yaxşıları qırılanda,
                          işığı qaralanda
Vətən daşları
     başı qırmızı çalmalı
           baş daşlarına dönəndə.
Yaxşılar başı daşlılara,
       gözü yaşlılara dönəndə.
Millətin illəti qalır,
                  İlləti çıxır üzə,
 hər yanda dürtülür gözə.
Gözü hər işartıya qaçır,
iki əli var,
           dörd yana əl açır.
    Öz torpağında özünü əsir sayır,
Balasını yesir sayır.
Azadlıq sözünü ən qorxulu «sirr» sayır.
Min il əvvəl olmuş
            İmam Hüseyin müsibətində
                 İndi özünü müqəssir sayır.
Günahı bağışlansın deyə
 başına, döşünə döyə - döyə
böyürür, hönkürür, ağlayır
Ağacına,
           daşına,
                   başına
                         qara bağlayır.
Qırx gün yas saxlayır.
Bəs Qarabağdan didərgin düşən
           gəlinlərə, körpələrə kim ağlayacaq?
            VAR ol, Fikrət müəllim, çox düzgün yazmısınız, gerçəkdən də millətin illəti çıxıb!..
***
            Bu günlərdə bir dostumuzla söhbət zamanı bir fikir dedi: “Bəzilərini qınamalı deyil. Qarabağ dərdini ancaq, elindən, obasından didərgin düşən, qız – gəlini erməni əsirliyində olanlar anlaya bilər”. Mən bu fikirlə qətiyyətlə razı deyiləm. Baxın, bizim faciəmiz də burdadı. Çünki biz həmişə olduğu kimi Azərbaycan ola bilmirik. Vətənimizi bölgələrə, əyalətlərə bölürük. Bu üzdən də əsrlərdi itirə-itirə gəlirik... Qarabğlının dərdi qarabağlıya, bakılının bakılıya, şəkilinin şəkiliyə, gəncəlinin  də gəncəliyə...  Bu da tarixən əsaslı şəkildə biz türklər üçün qurulan tələdir.  Planlı şəkildə türkləri millilikdən ayırıb, bizə düşmən olanları milliləşdirərək, bizim buraxdıqlarımızı asanlıqla onlara verirlər. Bu barədə Niyazi Berkes “Türkiyədə Çağdaşlaşma” əsərində Osmanlı dövründə indiki Türkiyə ərazisində fəaliyyət göstərən xarici məktəblərin fəaliyyəti haqqında belə yazır: “Bu xarici məktəblər yüksək gəlirli Osmanlı müsəlmanları arasında yalnız qərbləşməni deyil, eyni zamanda bu insanların mənsub olduqları toplumun cahil və avam xalq arasından  ayrılaraq seçkin zümrə kimi yetişməsinə təsir etmişdir. Həmin məktəblər bolqarlar, rumlar, erməni tələbələr arasında isə bunun əksinə milliyyətçilik hisslərini gücləndiriblər. Osmanlılıq ideologiyasına zidd olacağı və xristian tələbələri incidəcəyi üçün Türklük mədəniyyəti ilə bağlı təhsil və fəaliyyətə yol verməməklə birlikdə erməni, bolqar və rum milliyətçilik duyğularının bəslənməsində bu məktəblərin əhəmiyyətli rolu olmuşdur”.
            Bunu Osmanlı dönəmində xaricilər edirdilərsə, bu gün artıq özümüz edirik. Ermənilər milli kimliklərindən utanmadığı halda, biz milli kimliyimizdən utanıb, özümüzə cürəbəcür adlar qoşuruq. Vay sənin halına, yazıq millət... Üç milyonluq toplu qədər  də ola bilmirsən... Biz bu günkü halımızla bütün dünyaya: “BİZ QARABAĞI İSTƏMİRİK” deyirik. Bizim halımızdan məmnun olduğumuzu görənlərdə: - Demək, ermənilər düz deyir, hər halda, torpaq bunların olsaydı, bunları torpaq düşündürərdi, - düşünür. Düz də düşünür. Çünki Şuşanın Cıdır düzünün lalə gülləri həsrətdən solub, məhv olduğu anda, erməninin ayağı dəydiyi Laçın torpağı çatlayanda, ermənidən oğul doğan Azərbaycan qadınının ürəyi inildəyəndə, burda millət kef edir... Azərbaycan televiziyaları, mətbuat orqanları milyonların qarşılığında Bakıya gələn Jenifer Lopezin bədən əzalarını nümayiş etdirir, milyonları olan Azərbaycan “kişisinin” Rihannaya bir gecəlik bir milyon təklifi barədə yazır...
***
            Bizi bizdən etmək istəyənlər sevinməsin! Bütün sadaladıqlarıma baxmayaraq, içimdə bir ruh yüksəkliyi, fərəh hissi var. Çünki hələ də kimliyini bilən İNSANlarımız (adamlar yox, insanlar) var. İnanıram ki, onlara heç bir xarici qüvvə təsir edə bilməz. Məhz, onlardı millətin kimliyini özündə daşıyan. Məhz onlar da bizim olana sahib çıxacaq, bizdən alınanı bizə qaytaracaq. Arzu edirəm, hər bir vətəndaşımızda da bu hiss olsun. Bu yerdə Xudu Məmmədovun bir fikrini xatırlamaq yerinə düşər: “"Simmetriya və ahəng qanunu"na əsasən "XALQ" sözündəki birinci və axırıncı hərflərin yerini dəyişsək "QALX" sözü alınar. Bu sadəcə söz oyunu yox, həyatımı həsr etdiyim amalın, məsləkin ifadəsidir!” İnanıram ki, Xudu müəllimin arzusu da gerçəkləşəcək, nə vaxtsa, bu xalq ayağa qalxacaq. Bax, onda, deyəcəyik: “Gözün aydın Azərbaycan”!

7 Noyabr 2012,
Bakı.
KarabakhİNFO.com