5.11.2012

Ehtiyacı var (Cizgilər)


Əllərinin qucağı üçün
Əllərim qəribsəyib...
Barmaqlarımın
Nazik,
Uzun,
İsti,
Barmaqlarına ehtiyacı var...
İki soyuq -
Biri qadın,

Biri kişi,
İki sevən əllərin,
Bir-birini qucaqlamasına
ehtiyacı var.
Sevən tək ürək olmur ki...
Gərək, əllər də bir-birini sevsin.
Heç vaxt iki isti,
Yaxud soyuq əl
Bir-birini sevməz.
Biri soyuq,
Biri isti
Əllərin sevgisi olur,
İki sevən əllərin qucaqlaşması ilə
İki isti ürək,
Sevgi ilə dolur...

5 Noyabr 2012,
Bakı.