25.06.2012

Yenə işıqlarımız söndü... (Səsli)


(Cizgilər)            
***
Yenə işıqlarımız söndü...
Yenə qaranlığa qərq oldu kasıb komam.
Evdəkilər
Dözə bilmirlər
Qaranlığa,
Zülmətə
Qaranlığı sevməyənlərim
Yerinə uzanıb,
Yatır...

Mənsə,
Bir şam yandırıram
Yazı masamın üstündə.
Şamın zəif,
Titrək işığı
Masamı güclə işıqlandırsa da,
Yandırır xəyallarımın işığını.
Sən gəlirsən...
Əriyir evimin adamları
Divarlarımda
Şəkilə dönürlər.
Bir sən,
Bir də mən
Qalırıq
Şəkilli otağımda...
Gözlərinin işığı
Komamın divarlarını nurlandırır
Şəkillərdəki baxışlar,
Hər ikimizi qınayır,
Utandırır.
Utanırıq,
Şəkillərdən,
Danışmırıq, susuruq.
Hissim hissinə toxunmaq istəyir.
Birdən işıqlar yanır,
Şam sönür,
Divardakı şəkillər yatmış adama dönüb,
Yuxudan oyanır...
Mən yenə də adamla dolu evimdə səni axtarıram...
Qızaran işıq lampalarına baxıb,
Sönməyini gözləyirəm...

26 dekabr 2011,
Bakı.