6.06.2012

YAŞAMIN BEŞ MƏRHƏLƏSİ... (Fikir cizgiləri)


1. Doğuluş...
İnsan dünyaya məxluq olaraq gəlir – daha doğrusu doğulur. Doğulduğu anda heç nə bilmir. Bu dünyanın bütün dərd-sərindən xəbərsiz olur. İnanıram ki, məxluq doğulmazdan öncə, bu dünyanın dərd-sərini, onu qarşıda gözləyən mərhələləri bilsəydi, elə ana bətnindəcə intihar edərdi, ölü doğulardı. Nə edək ki, doğuluş əlimizdə deyil.
2. Həyat...

Doğuluş əlimizdə olmadığı kimi həyat da, yaşamamız da əlimizdə deyil. Yəni, doğuldunsa, yaşamalısan. Amma necə yaşamaq?! Hə, bax, bu bir az qəliz məsələdir. Zənnimcə, insan məxluq olaraq doğulduğu kimi həyatda adam olaraq da formalaşır. Adamlığın son mərhələsində insanlıq mərhələsinə addımlayır, elə bu mərhələdə də yol başlayır...
3. Yol...
Adam çoxlu sayda keçidləri olan bu insanlıq yolunun hansınısa seçib, insanlığa doğru addımlayır... Bu yolda, yıxılır, büdrəyir, sıxılır, tapdanır, ayaq altında qalır, əzilir. Bəzən də, hamar yol tutub, gedir... Fəqət, hara gedir, bunu dərk edirmi?.. Hər iki halda, bu yolun sonunda yuxardakı mərhələlərdən fərqli olaraq, ÖLÜM adlı qapı var. Bu qapıya çatmaq, onu açıb, içəri daxil olmaq, hər adama nəsib olmur. Bunun üçün bu yolda mücadilə ilə yanaşı, həm də yaratmalısan, yeni yollar açmalısan ki, səndən sonra insanlıq mərhələsinə gələn adamlar sənin yaratdığın yollardan istifadə edə bilsinlər. Və sənin yaratdığın yolun üzərindən öz yollarını çəksinlər, nəhayətdə, insanlıq mərhələsinin sonundakı ÖLÜM qapısından içəri girə bilsinlər. Amma məxluq, adam mərhələləri müvəqqəti olsa da, ölüm dediyimiz mərhələ ilə insanlıq bitmir, yenə də yaşayır... Əslində bu yolun əzəməti də ondadır ki, adamı insanlaşdırıb, əbədi yaşadır.
4. Ölüm...
Məxluq doğuluşdan, adam olandan, daha sonra insan olma mərhələsində də anlamırdı, daha doğrusu qəbul etmək istəmirdi ki, onun doğuluşu, həyata gəlməsi, yaşam yoluna çıxması, bu yolda, hansı uğurları qazanıb, qazanmamasından asılı olmayaraq, ölüm qapısına tələsirdi ki, bu qapıdan əbədiyyətə daxil olsun. Yəni, insanın həyatda bütün mücadiləsi doğuluşdan bəri əbədiyyətə qovuşmaq uğrunda olur. Özü də bilmir ki, onun bütün çabaları sən demə əbədiyyət üçün idi. Fəqət, əbədiyyətə də yuxarıda qeyd etdiyim kimi hər insan daxil ola bilmir. Çünki çoxu elə yoldaca qapıya çatmadan, məhv olur, daha doğrusu kül olub, sovrulur.
5. Əbədiyyət...
Hə, artıq bu yaşamaq mərhələsidir. Bundan öncəki dörd mərhələnin hər biri bu mərhələyə çatıb, yaşamaq üçün idi. İstər məxluq, istər adam, istərsə də insan, hər biri dərk etməyərək, yaşamaq eşqi ilə çırpınır. Həmin bu yaşamaq da əbədiyyətdə olur. İnsan ölüm qapısından daxil olduqdan sonra dərk edir ki, o bundan öncə yaşamırdı, sadəcə, yaşamaq uğrunda mücadilə edirdi. Bu mücadilədə YOLda yıxılıb, məhv olanlar da oldu, ÖLÜM qapısından ƏBƏDİYYƏTƏ daxil olanlar da...
İnsanlığın əbədi yaşaması əbədiyyətdə olur.

13 Sentyabr 2011.
Bakı.