4.06.2012

“Sən mənim qədrimi biləsən deyə”...

Əli Kərim

Gözəl qız, sən saf susan, 

                           İki qəlb arzususan. 

Mənsə səni sevirəm 
Susuzluğun od vurub,

 köz kimi yandırdığı 

                                dodaq su sevən kimi...


Bu şeiri məktəbliykən oxuyub öyrənmişdim. Xoşum gələn qızlara da məktub formnasında şeiri yazıb yollamışdım.  Hamısı da onu sevdiyimi zənn etmişdi. Lakin yaş ötdükcə, anladım ki, sən demə, mən heç sevməmişəm...
Nə isə, bu yazıda öz sevgilərim haqqında yox, ilk dəfə bu şeirlə tanıyıb, sonradan kitablarını böyük coşqu ilə oxuyub-öyrəndiyim Əli Kərim haqqında söz açmaq istəyirəm.
Əli Kərim mənim üçün bir zirvədi. Bu zirvə haqqında hələ ki, təpə olmağa can atan, adicə bir yazarın danışması, nə qədər düzgündü, deyə bilmərəm... Amma məni bu qeydləri yazmağa vadar edən böyük şairin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm...” kitabı oldu. Kitab haqqında bir az sonra danışacağam. İndi istərdim, Əli Kərim haqqında müəyyən təəssüratlarımı oxucularla bölüşüm: Nədənsə, hər zaman Mikayıl Müşfiqlə Əli Kərimi bir-birinə bənzədirəm. İstər yaradıcılıq, istər zahiri görkəm, istərsə də tale baxımından... Baxmayaraq ki, Mikayıl Müşviq 29 yaşında repressiya qurbanı olmuş, Əli Kərim isə 38 yaşında öz əcəli ilə dünyadan köçmüşdü. Hər ikisi gənc yaşından ədəbiyyata gəlib, hər ikisi öz dövründə birmənalı şəkildə qəbul olunmayıb, müəyyən bəlalarla qarşı-qarşıya qalıblar, oxşar tale yaşayıblar. Zənnimcə, elə Əli Kərimin də həyatını sürgün həyatı adlandırmaq olar. Baxmayaraq ki, onu sürgün etməmişdilər. Amma şair elə doğma diyarında da qərib, sürgün həyatı yaşayır. Baxmayaraq ki, şairin məkanı göylərdi. Bu səbəbdən də, hər bir şairin yazdığı şeirlərdə göyə - həqiqətin, ədalətin doğuş məkanına – Uca Yaradanın dərgahına meyillilik hiss olunur.
Mikayıl Müşfiqə də zamanında eyni qısqanclıqlar, böhtanlar vardı, hardasa, Əli Kərimə də... Bunun əyani sübutu Əli Kərimin son günlərinə qədər zirzəmiyə bənzər evdə yaşamasını, işsiz günlərini göstərmək olar. Bu gün Mikayıl Müşfiqin məzarının yeri bilinmirsə, Əli Kərimin məzarı var. Bəlkə də onları fərqləndirən yeganə amil elə budur...
***
...Dünən gecə həmişə olduğu kimi yenə də işıqlarımız sönmüşdü. Yenə də ənənəvi olaraq, yazı masamın üzərində bir şam yanır, masanın üzərində səliqəsiz yığılmış kitabların üzünə titrək işıq saçırdı. Bu kitabların içindən iki baxış mənə doğru boylanıb, sankı: “Elə vaxtıdır, indi bizimlə danışa bilərsən” deyirdi. Bu kitab Əli Kərimin həyat yoldaşı Elza Kərimin “Nə xoşbəxt imişəm...” xatirələri idi. Kitabın üz qabığında Elza xanımla Əli Kərimin şəklindəki baxışlar danışırdı... Ümumiyyətlə, məndə belə bir hal var, kitabı oxuduqca, onunla danışır, gah gileylənir, gah da sevinirəm. Kitab mənim üçün ən yaxşı sirdaşdı. Bu dəfə bir neçə saatlıq, mənə sirdaş olacaq kitabı əlimə götürüb, bir az vərəqlədim, içindəki şəkillərə baxdım. Daha sonra şamı yaxına çəkib, işığı kitabın vərəqlərinə düşsün deyə, eynəyimi çıxarıb, oxumağa başladım... Aman Allah, bu kiçik kitabçada nələr varmış, hansı dərdləri bu kitabça özündə daşıyırmış... Bunu ancaq oxuyanlar bilər...
***
Elza xanım bu kitabda mümkün qədər qədər səmimi olub, Əli Kərimi oxucuya səmimi şəkildə təqdim edə bilib. Kitabda Əli Kərimin mənfi tərəfləri də, müsbət tərəfləri də öz əksini tapıb. Müəllif bir zamanlar Əli Kərimin “Mən şeirlərimi balalarımdan da çox sevirəm” sözündən inciməsinin bu gün yersiz olduğunu anladığını da etiraf edir. Bununla yanaşı kitabda bir çox ciddi məqamlar var ki, insan ürəyini ağrıtmaya bilməz.
Burada zamanında partiya üzvü və heç bir dövlət mükafatçısı olmayan Əli Kərimin qısa və acı xatirələrindən söz açılır. Ona o zamanlar kömək edənlərin adları çəkilsə də, ayağının altını qazanlar yenə də gizli saxlanılır. Məhz bu üzdən, mən burda müəlliflə razılaşmıram. Hər şeyi olduğu kimi oxucuya çatdırmaq lazım idi, sətiraltı mənalarla danışmaq yox... Necə ki, o dövrdə “M.F.Axundov mükafatı”nın Əli Kərimə yox, özünə verilməsini istəyən, bu səbəbdən mükafatın ümumiyyətlə ləğvinə nail olan “nasir”in kimliyini oxucu bilməli idi. Oxucu bilməli idi ki, kimlər Əli Kərimə maneələr törətməklə ona ev verilməsinin qarşısını alıb, ömrünün sonuna qədər onu zirzəmiyə bənzər evdə yaşamağa vadar etmişdi. Həmçinin dəfninin Fəxri Xiyabanda baş tutmasına dostu Rəsul Rzanın da gücünün çatmaması barədə acı həqiqətləri ictimaiyyət ən azı bu gün bilməli idi. Bunu oxucudan gizlətmək olmaz. İndi Əli Kərimin bir dənə də olsun video görüntülü sujeti əlimizdə yoxdu. Bunun da səbəbkarı, hətta Əli Kərimin dəfninin belə lentə alınmasına yol verməyən, o dövrdə televiziya rəhbərliyində çalışan şairin adı açıqlanmalı idi. Təsadüfü deyil ki, mən əvvəldə Mikayıl Müşfiq taleyi ilə Əli Kərim taleyini müqayisə etdim. Hər ikisi qısqanc adamların repressiya qurbanı oldu. Biri cismani, digəri isə mənəvi... Hər ikisi gənc getdi bu dünyadan.... Bu yerdə, şair Musa Yaqubun bu günlərdə Əli Kərim haqqında bir xatirəsi yadıma düşdü.
Musa müəllimlə ədəbi söhbətlər edirdik. Birdən söz gəlib, Əli Kərimin adının üzərinə çıxdı. Musa müəllim çox kövrək bir xatirəni danışdı mənə. Dedi ki, Əlinin ölümündən bir qədər əvvəl təsadüfən metronun “Gənclik” stansiyasında dayanıbmış. Birdən dayanmış qatardan Əli Kərim düşür. Onlar görüşüb, hal-əhval tutub, ayrılmaq məqamına gələndə, Əli Kərim gileylənir. Musa müəllim səbəbini soruşduqda: “Gənclikdə düşəsi deyildim, səhvən, burda düşmüşəm” – deyir.
Musa Yaqub bu xatirəni danışarkən şair gözlərinin parıldadığını, kövrəldiyini hiss etdim: “Əli həyat qatarından da səhvən gənclikdə düşdü...” – deyib, durub getdi Musa müəllim.
***
Sağlığında və sonralar da Əli Kərimə sadiq yoldaş, daha doğrusu onu qoruyan Rəsul Rzanın səyi nəticəsində ölümündən sonra onun anadan olduğu Göyçay şəhərində Əli Kərim parkı salındı, ikicilldliyi işıq üzü gördü. Lakin dəfələrlə Elza xanımın istəyi, Rəsul Rzanın səyi ilə də olsa, onun Bakıda yaşadığı binanın qarşısına baralyefi vurulmadı. Səbəb həmişəki kimi Əli Kərimin xalq şairi olmadığının, heç bir fəxri adı daşımadığının bəhanə gətirilməsi idi. Elə indi də şairin yaşadığı bina barelyefsizdi. Demək, bu gün də Əli Kərim istedadına qısqanclıqla yanaşanlar yaşayır...
***
Artıq biz müstəqil dövlətik. Bu gün Azərbaycanda keçmiş Sovet senzurası yoxdur. Zənnimcə, istedadlı insana fəxri adına görə yox, istedadına görə dəyər verilməlidir. Dünyanın inkişaf etmiş ölkələrinin heç birində fəxri ad anlayışı yoxdu. Görünür, bu məsələyə daha optimal yanaşmadır. Çünki fəxri adla yaradıcı insanlar arasında ayrı-seçkinlik salınır. Amma, zənnimcə Əli Kərimin heç bir fəxri adı olmasa da, o doğma xalqının istedadlı şairidir. Ölümündən illər keçsə də, sağ ikən ölənlərdən fərqli olaraq, şeirlərinin çağdaş dönəmdə də dillər əzbəri olması bunun əsas sübutudur. Bir şairə dəyər vermək üçün, mütləq, hər hansısa dövlət mükafatımı olmalıdır?!
Əli Kərim ömrünün bahar çağında dünyadan köçsə də, yaddaşlarda iz buraxdı getdi. Zamanında onu layiqincə dəyərləndirə bilmədilər. Bu səbəbdən də laqeydlikdən öldü o... Necə ki, bir şeirində də yazırdı:

Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?

Əli Kərim, ürəyinə damdığı kimi cavan yaşında da öldü. Biz onun qədrini ölümündən sonra da olsa, bildikmi?!.

24 Yanvar 2012,
Bakı şəhəri.