6.06.2012

Sevgi haqqında... (Fikir cizgiləri...)


Görən, sevgisiz həyat ola bilərmi?.. Hansısa bir canlı – adam, heyvan, böcək, gül, ağac yaşaya bilərmi sevgisiz?.. Bu yazımla öz baxışımla bu məsələyə aydınlıq gətirməyə çalışacağam.
1. Kainat yarananda sevgi ilə yaranıb. Allah bu kainatı – yeri, göyü, adamı, heyvanı, böcəyi, gülü, ağacı sevərək yaradıb. Buna kimsənin şübhəsi olmsın. Yəni, gördüyümüz nə varsa, Allahın sevgisindən doğub.
2. Sevgiyə zənnimcə, ötürülmə qanunu da deyə bilərik. Yəni adamdan – adama, heyvandan – heyvana, böcəkdən – böcəyə, güldən – çiçəyə, ağacdan – yarpağa, sudan – torpağa və torpaqdan insana ötürülə-ötürülə yaşamımızı əhatə edir.

3. Ana bətnində uşağın formalaşmasında sevgi ötürülməsi də böyük rol oynayır. Daha doğrusu, uşağın bətndə formalaşması, digər maddə və hüceyrələrlə birgə sevgi ilə də əmələ gəlir. Uşaq ilk sevgisini bətnində olduğu anaya duyur.
4. Uşaq doğulduğundan artıq bədənində topladığı sevgini dünyaya gələn andan paylaşdırmağa başlayır.
İlk ötürdüyü sevgi ailədə gördüyü adamlara – ataya, bacıya, qardaşa, nənəyə, babaya və s. şəxslərə olur.  Bununla yanaşı olaraq, rahatlıq tapdığı məkana da sevgisindən ötürür. Hansı ki, ilk olaraq bu məkan ana qucağı olur. Körpə ananın qucağını tərk etmək istəmir.
5. Uşaq böyüdükcə, içində olan sevgi onun yaşadığı evə, məhəlləyə, daha sonra məktəbə, məktəbdənsə, vətənə, vətəndən isə  millətə ötürülür. İndi deyə bilərsiniz ki, vətənini, millətini sevməyən o qədər adam var ki... Əslində, yanılırsınız. Vətənini, millətini sevməyən, insanların da daxilində öz doğulduğu məmləkətə və həmin məmləkətin insanlarına sevgi olur. Sadəcə, ola bilər ki, bu sevgini göstərə bilmir. Daha doğrusu, ürəyindən ötürülən sevgi qapısı  bağlıdır. Demək, bu adamlar xəstədir. Sevgi xəstəliyinin müalicəsi isə elə sevgiylə də olmalıdır.
6. Artıq adam kimə isə aşiq olmaq mərhələsinə yetişir, elə zənn edir ki, həyatda hər şeydən çox sevdiyi bu qadın və ya kişidir (sevənin cinsinə görə dəyişir). Fəqət, nişanlılıq evlilik mərhələlərində bu sevgi yenə də öz qanununa əməl edərək, ötürülə - ötürülə davam edir. Evlilik mərhələsində, sevginin ilk günlərindən fərqli olaraq, həmin sevgi şəhvət hisslərinə ötürülür, ordan da kişidən qadına, ondan da ilk mərhələyə qayıdırıq - uşağın formalaşmasına...
7. ... Və insan (bəlkə də insan yox, adam) qocalığa doğru gedir. Qocalıq insan sevgisinin ən ali mərhələsidir ki, bu mərhələdə sevginin istiqaməti insan özü də bilmədən, hiss etmədən, hətta deyərdim ki, istəmədən torpağa ötürülür. Sonda, insan sevgisini ötürdüyü torpağa qovuşur.
... Və torpaqdan da ilkin mərhələyə - yaranışa qayıdır.

14 Setyabr 2011,
Bakı.