20.06.2012

Ruhu qəribsəyən Zaur Qəriboğlu


MAHİRƏ ABDULLA

Bu dünya bəşəriyyətin yoxluğun varlığa, varlığın yoxluğa keçididir; insan isə həmin keçidin halqaları. İnsanlığı dərk etməyən insanlıqdan yaza bilməz.
Gənc şair Zaur Qəriboğlunun imzasıyla yaxşı tanışam, internet və qəzet səhifələrində yaradıcılığını ardıcıl izləyirəm. Qələminin çəkisi, cazibəsi var, yazıdan yazıya onun elinə, dilinə sadiq söz sahibi, qeyrətli, mətin vətəndaş kimi püxtələşdiyini görürəm.
Şəxsiyyəti və yaradıcılığı bir xətt üzərində olan insandır, düşündüyünü deyir, söz pərdəsinin arxasında həqiqi simasını gizlətmir. Hisslərindəki, duyğularındakı səmimiliyi, yaşam etirafları daxili zənginliyinin ifadəsidir. Sevinirəm ki, “Ruhun qəribsəməsi... İnsanın qəribsəməsi...
Məkan, zaman arasında baş verir bu qəribsəmə” deyən gənc ruhi təbəddüllatlarından qopub həm də torpaq, millət, yurd təəssübü çəkir: “Əgər, insan ola bildinsə, millət də olacaqsan, millət olmağı bacardınsa, dövlət də olacaq, yaşadığın torpağı qorumağı da bacaracaqsan”.
Zaur Qəriboğlunun  kitabı oxucular tərəfindən maraqla qarşılandı, “Səni yaradanı sevirəm” (Cizgilər) adlı  dördüncü kitabını da uğurlu addım kimi qiymətləndirirəm, çünki onun bütün yazıları səmimidir, ürəkdən, ruhdan gəlir.
  –Sanki, əlimin altında da hansısa bir əl   
            vərəqin alt qatına nəsə yazır...
Onun üçün janr səddi yoxdur, qələmini nəsrdə və publusistikada eyni  uğurla sınayır. Bu misraların müəllifi üçün yaradıcılıq yalnız ruhun ayrıntılarıdır.
  Özümdən ruhuma,
    köçməliyəm mən?!
Mən Zaurun yaradıcılığında insan amilini, humanist duyğuları da aparıcı hesab edirəm. Hətta bu humanizm kövrəkliyə köklənəndə belə!
Ömrün boyu qonağın olan ananın,
  Son evində bircə gün də qonaq ola bilmirik.
Kitabda “Bağışlayın” şeirinin adını oxuyanda zənn etmirdim şairin Allahın yaratdıqlarına o qədər sevgisi var,  öldürdüyü qarışqadan da üzr istəyə bilər.
 Niyə öldürdüm bir qarışqanı mən axı?!
           Ruhundan, 
           ailəndən üzr istəyirəm.
           Bağışlayın məni!
Sonra kitabda bu fikrini oxuyanda təəccübüm şair oğluma məhəbbətə çevrildi: "Kainat yarananda sevgi ilə yaranıb. Allah bu kainatı – yeri, göyü, adamı, heyvanı, böcəyi, gülü, ağacı sevərək yaradıb”.  
Açığını deyim, ulu torpaqları parça-parça  qoparılmış, indi də Qarabağı, Zəngəzuru tapdaq         altında olan bir millətin  kişilərini yumşaq ürəkli görmək istəmirəm. Müharibə şəraitində olan ölkənin kişisi silahı əlindən yerə qoymamalıdır, düşməninə kin və qəzəbini soyutmamalıdır. Qadını oğlu doğulanda erməni axçiləri kimi körpəsinin qulağına düşmənli olduğunu deməlidir.
Bizim dünyamız şərti olaraq yaranışinkişafsüqut çevrəsində dövr etmədədir; zaman deyilən dəqiq spidometrlə ölçülür, saylar: 1-dən ikiyə.., növbəlilik: günəş doğur, batir, gecə-gündüz...
 Bütün canlılar, insan da doğulur, yaşayır, ölür. Ölmək haqqında “bu dünyadan köçdü”, “dünyasını dəyişdi” deyirlər. Qələm sahibləri, xüsusən, gənclər ən çox həyat deyilən zaman çevrəsindən yazırlar. Zaurun hər iki kitabındakı şeirlərdə yaşına uyğun olmayan bədbinlik, dilimə gətirməyə çətinlik çəksəm də, bir ölüm havası da var. Bu hava əvvəl-əvvəl adamı üşüdür. İlk kitabını oxuyanda zəng vurub dedim bu qədər ölümdən yazma, hətta istəyirdim kitab barədə yazım, yarımçıq qaldı.
İkinci kitabı bütün təsəvvürümü dəyişdi, gördüm Zaurun DƏRK MANERASI belədir; o bu vaxt ölçülərindən çıxıb dünyanı əvvəldən deyil, sondan –  “heçlik”dən incələyir.
       Dünya yaranandan belədi:
Sən gəlməlisən,
Mən getməliyəm ki,
Yenidən məni sən gətirəsən...
Düşündüm “Kainat yarananda sevgi ilə yaranıb” deyən insan üçün ölüm  deyilən  elə bu həyat kimi reallıqdır, onu ömür deyiləndən qoparıb ata bilmərik və şair də çoxumuz kimi bu həqiqətin yanından seyrçi kimi keçib getmir.
Bu dünya dağılacaq” şeiri adından göründüyü kimi dünyanın sonu vahiməsini yaymır. Şeirdə insanlıq  meyarlarının itməsinin dünyanın sonu olmasını görürük. Bu dəyərlərin qayıtması, daha ali mərtəbələrdə yerləşib,yenilənməsi Sonun yeni Əvvəli olacaq.
Zaur haqlıdır ən ülvi mənəvi dəyərinsə sevgi olmasını deyəndə. “Sevgiyə, zənnimcə, ötürülmə qanunu da deyə bilərik. Yəni adamdan – adama, heyvandan – heyvana, böcəkdən – böcəyə, güldən – çiçəyə, ağacdan – yarpağa, sudan – torpağa və torpaqdan insana ötürülə-ötürülə yaşamımızı əhatə edir”.
Gənc şair bizi hələ heç bir dahinin, qol-qüvvə, taxt-tac, ixtiyar sahibinin sirrini aça bilmədiyi, bir çərək də üstünə qədəm basmadığı ölümün buz dağıyla üzbüz qoyub üşüdür. Gördüm ki, bu üşənti başqa əhvalın da əyarıdır, Qarabağdan ayrılmayan, Ziyarət dağına bənd olunan yurd həsrətimin göynərtisidir. Zaur bu ağrını belə ifadə edir:
Donmuşam,
    bədənimdə ruhum üşüyür!
Lakin şair bununla oxucunu ölümə deyil, insanlığa səsləyir. Saflaşmağa, yenilənməyə çağırır.   
–Bu dünya yenidən 
                      yeni İnsanla qurulacaq !..
       Son zamanlar yaşına uyğun olmayan dərrakə və təmkiniylə, yalnız qələmiylə deyil,  öz fəaliyyətiylə Qarabağ adlı acı bir həqiqətin üstünə gedir, həm də canımızın yarısı, baba yurdu güney Azərbaycanın da ağrılarını çəkir. Bir an belə unutmur ki, Azərbaycanın bütövlüyünə təcavüz edilib, qarı düşmənin qara əlləri bağrımızdan qopmur, didir, qanadır, parçalayır.
Tale yazımız kimi...
                      Yaşamımız boyu izləyir
                       qara əllər bizi.
Torpaqlarımızın işğalını milli şüurumuzun işğalıyla bağlayır. Kitabda yazır ki, “bizim torpağımızdan öncə şüurumuzu işğal ediblər. Şüurumuzu işğal edə bilməsəydilər, torpaqların işğalı qeyri-mümkün idi”.
Zaur daim axtarışdadır. Bəzi “qoca” şairlərin qafiyəbazlığına, gənc “dahilərin” göz deşməyə, baş cırmaqlamağa hazır pırpız davakar pişiklərə bənzəyən şeirlərinə bənzəmir bu misraları.
Kor elədim divarının gözlərini...
  Əllərini irəli uzadıb axtaracaq səni...
            xatirələr...
            özü kimi kor divarlardan tutub...

         –Daş heykəl yeyir sərçələr...
Mən yenə də adamla dolu evimdə səni axtarıram...
Gözəl insanların bu dünyada ömürlərinin hər anı bəşəriyyət, millət üçün dəyərlidir. Zaura uzun ömür və  yaradıcılığında uğurlar diləyirəm!

MÜŞTƏRƏK ŞEİR
                             Şair oğlum Zaur Qəriboğluna
                           
Zaur, qədim türk diyarı Qubadlıda
Kirs dağlarının yumruq düyünlü
 qızboxçalı,qantəpərli
qaplan qayalardan çəpərli Ziyarət dağının
məxmər ətəyində
əlim dondu qələmin tətiyində
xaraba Hadrutun başının üstündə olasan
alçaldıb enələr səni.
”Kimə deyim dərdimi?!”
gəlmişəm Zəngəzura
“özü kimi kor divarlardan tutub...”
məni hərləyir xatirələr.
...Anam bal pətəyində qəməltini unudub
pətəyin gözü damır torpağa
atamın kərəntisi kəsərdən düşüb
biçənək gəlmir orağa
kim buraxacaq bağlı ağıldakı qaşqa buzovu
mələyib özünü öldürür
Dəf yerində qırmızı düyənin gözlərinə qurd daraşır
dünən qanlı olub ləlöyün canavarın ovu.
Qızarır sübhün danı
başlanır günəşin divanı
günəş də düşmən kimi xoşqılıqdı .
“Ayrılığın balacası,
böyüyü yoxdu...
Ayrılıq elə ayrılıqdı...”
Aşırıma muncuq-muncuq şeh düşür
boğazı örkənli qızların mirvarı düzənləri
dağılıb yollara
aşa bilmirəm bu aşırımı
qanqal günahlarım sarılıb qollara
qanırıb qırasan
sarıyasan erməninin kürəyinə
yetim  naləsini dağ kimi basasan ürəyinə
cızdağı çıxsın!
Amma, kim deyirdi nəfsimiz
cızığından çıxsın?
Nə edəcək qızıl damlar uçulu evlərin
çürük dirəyinə, oğlum?
Şehlər, “ehh”lər  yuya bilməz şəhid qanını
sellər axsın selavları yumağa
gələ Qaraca Çoban, sarıya bizi çomağa
qata qabağına...
yenim, yönüm olmaya
geriyə dönüm olmaya.
...Yuxuda xaraba Hadrutun başının üsünü
ley kimi almışdım.
“Yuxuda aşırdım,
aşırım dağlarını,
keçilməz sədlərini,
yuxuda keçirdim”.
Yollar ayrıcında əlləri qoynunda
gözləməkdən büküldüm, kiçildim.
Bəxtimi, taxtımı çaldılar gözüm baxa-baxa
bu dərd sinəmə dirənib gözləyir
 “Tale yazımız kimi...
Yaşamımız boyu izləyir
qara əllər bizi”.
Allah neyləsin
sayından salıbdı illər bizi.
Bu dərdlə mən başıdaşlı nə edim, hara gedim
çəpərlərdə gülüyaylıqlar didim-didim.
           
            Qeyd: Dırnaq içindəki misralar
                        Zaur Qəriboğlunundur.