5.06.2012

Qırmızı geyinin qızlar (Cizgilər)


QIRMIZI GEYİNİN QIZLAR...

Qürrələnmə,
Tələsmə,
Asta yeri,
Dodağında,
Yanağında,
Sinəsində,
Bədənində,
Ayaqlarında,
Paltarında,
Ayaqqabılarında,
Bel kəmərində
Ədalət gəzdirən qız.
Başdan ayağa ədalətə bürünmüsən,
Xəbərin varmı?!

Mən ədalətsiz şəhərin
Ədalət axtarışında olan
Dəli aşiqi,
Sən özün də bilmədən,
Üstündə ədalət gəzdirən,
Ədalətsiz sakinisən bu şəhərin.
Sənə baxmıram!
Qaş-gözünü süzdürmə mənə!..
Mən bu küçələrdə,
Meydanlarda,
İşıqlı şəhərin qaranlıq dalanlarında,
Neft şəhərinin,
Neft burulğanında,
Oğurlanmış,
Türkiyədə,
Dubayda,
Bakınımn gecə barlarında
Tapdalanmış,
Demokratın,
Liberalın,
Kapitalistin,
Nasistin,
Mollanın əlində boğulmuş,
ədaləti axtarıram, tapmıram...
Bu şəhərdə bircə rəngi qalıb
Qızların qırmızı donunda...
İndi bildinizmi,
Niyə baxıram,
Qırmızı paltarlı,
Qara ruhlu qadınlara –
Sizə mən?!
Ey, qırmızı paltarlı qız,
Sən bu şəhərdə mənim,
Tək ədalət rəngli,
Ədalətsiz ədalətimsən.
Qırmızı geyinin qızlar,
Hamınız qırmızı geyinin,
Qırmızıya boyayın şəhərimizi,
Heç olmaya,
Ədalət rəngi ilə açaq,
Qara səhərimizi...


5 İyun 2012,
Bakı.