25.06.2012

Qatil yollar (Cizgilər)


Bir gün partlayacaq başımdakı damarlar,
Qatil yollar kimi qana bulanacaq,
Başımdakı damardan yollar...
Bir başın min yolu, bir baxışı var.
Qana bulandısa, həmin yollar,
Baxışların da qızaracaq,
Qırmızı görəcəksən dünyanı...
Daha yaşamağa çarən yox,
Qızardısa yolların, baxışların,
Ölməlisən,
Bir gün mən ölən kimi...
Bilirəm,
Nə ürəkdən,
Nə də qəfil avtomobil qəzasından öləcəyəm.
Mən yazı masamda,
Əlim klaviaturada,
Gözüm yeni yazdığım şeir parçasının misralarında
Qalacaq.
Yollarım qızaracaq,
Sevənlərim çaşqın halda,
Məni masadan qaldırıb,
Bu dünyadan,
O dünyaya yola salacaq...

01 noyabr 2011,
Bakı.