11.06.2012

Mən necə korrektor oldum?


"Sözü keçməyən kitab"
Qoşa xətti sürətlə keçən sürücünü yol polisi saxlayır. Belə məqamlarda müfəttişə öz kitabını bağışlamaqla vəziyyətdən çıxan sürücü, gənc şair, bu dəfə də həmin üsuldan istifadə etmək istəyir. Avtomobildə yol polisinə ehtiyat üçün saxladığı kitablarından birini götürüb onlara yaxınlaşır, gənc şair olduğunu söyləyir, kitabını təqdim edir. Yol polisi kitabı əlinə götürüb diqqətlə ona baxır və birdən əsəbiləşir:
- Əşşi, bundan vermisən də!..
Orxan Adiloğlunun lətifələrindən...
            Yuxarıda yazdığım lətifə olsa da, indi yazdıqlarım lətifə deyil, tam gerçəklikdir.

Korrektor olmaq çox diqqət tələb edən və məsuliyyətli peşədir. Bir neçə il bundan öncə qəzetdə koorektor, redaktor işlədiyim müddətdə, işin məsuliyyətini hiss etmişdim. Fəqət, bu yaxınlarda. əlimə bir kitab keçdi. Kitabımın redaktoru (Kitabda necə yazılıbsa, elə də köçürürəm): Qismət Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Odlar Yurdu Universitetinin müəllimi, Prezident təqaüdçüsü. Rəyçilər: Ələmdar Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun müəllimi, Prezident təqaüdçüsü. Anar Amin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, 2009 – cu ilin gənc şairi. Korrektor: Zaur Qərib (Qəriboğlu yazmaq istəyib), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
            Bu kitab Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənc Ədiblər Məktəbinin istedadlı yetirmələrindən biri – gənc aktiv olan, gələcəyinə inandığımız şair, Adil Cəmilin oğlu Orxan Adiloğlunun “Dəlidağdan əsən külək” adlı şeirlər kitabıdır.
            Orxanla bir-iki dəfə təsadüf nəticəsində qarşılaşıb, çay içmişik. Amma mən bilsəydim ki, bu gənc ədib nə zamansa, mənim xəbərim olmadan götürüb, “böyük sənət əsərləri” olan kitabında məni korrektor yazacaq, vallah, o çayı da içməzdim. Amma bu o demək deyil ki, Orxan istedadsızdı, əsla. Hər halda, Azərbaycan Yazıçılar Birliyi kimi bir yaradıcılıq qurumunun üzvü olan və paralel olaraq da, Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülən birinə mənim haqqım çatmaz ki, istedadsız deyim.
Oxucular da Orxan kimi istedadlı şairimizi tanısınlar deyə, həmin kitabından bir neçə şeirlərini nəzər diqqətinizə çatdırıram. Məsələn, şairimizin kitabında böyük ustalıqla yazılmış şeirlərindən biri “Nabrana gəl”

Fəsillər ötüşəndə,
İstilər tez düşəndə,
Bakıda can bişəndə
Nabrana gəl, Nabrana.

Vardır təmiz havası,
Bizə əziz havası,
Vurur dəniz havası –
Nabrana gəl, Nabrana.

Təbiət qucağında
Mən cavanlıq çağımda
Xəyalım şah dağında
Nabrana gəl, Nabrana.
Yaxud, “Qoşa duyğu”

Səni sevdim növbaharda,
Cəfan çəkdim boran, qarda.
Var qürur da, var vüqar da –
Biri səndə, biri məndə.

Yaxud, “Təhminə” adlı şeirində,

Orxanam, sevginin şirin qəmi var,
Eşqin ilahidən gələn dəmi var.
Kim asi düşər ki, Tanrı fəhminə,
Təhminə, Təhminə, gözəl Təhminə.

            Şeirlərindən də gördüyünüz kimi Orxan Adiloğlunun istedadına söz ola bilməz. Kişi “şairdi” də... Sadəcə, məni narahat edən odur ki, bu dostumuz xəbərim olmadan mənim adımı kitabına korrektor yazması dərd yarı, adımın altına da Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsü yazır.
            Əzizim, istedadlı şair dostum, Orxan Adiloğlu, qadan alım, heç olmaya, titulları yazmazdın. Ayıbdır, camaat elə bilər ki, korrektorları Azərbaycan Yazıçılar Birliyinə üzv edib, Prezident təqaüdü verirlər. Onsuzda, AYB – nə qaçanların sayı çoxdu, korrektorları da ora yönləndirmə də...
            Mən Orxan Adiloğlunun əvəzinə, Azərbaycan ədəbiyyatına başsağlığı verir və təəssüflə qeyd edirəm ki, ustad şairimizin növbəti “ustalıqla yazılmış” şeirlər kitablarında korrektor ola bilməyəcəyəm, üzür istəyirəm.

                                                                                 02 Oktyabr 2011,
                                                                                                   Bakı.