11.06.2012

Mən nə adam, nə insanam (Cizgilər...)


Mən nə adam, nə insanam...
Tez-tez sual verir dost-tanışım:
– Bəs, sən nəsən?!
Mən adamlar, insanlar içində gəzən bir ruham.
Qaçırılan Qarabağ adlı bir gəlinin fəryad səsi,
Onun şəhid ərinin yaralanmış qəlbiyəm mən.
Həmin şəhid ərin anasının gözlərindən axan yaş,
Dilindəki ağıyam mən.
Mən nə adam, nə insanam...
Mən yolam...
Dilsiz, ağızsız, dərdli yol...
Qo­ca şəhərdə üzərində düşməni də dost tək gəzən yol...
Göydələnlər şəhərində

Gizlənən Qız Qa­la­sı­nın qədim divarlarından süzülən göz yaşıyam.
Mavi Xəzərin hirslənəndə dalğası,
Sakit vaxtı
Həzin səsiyəm mən.
Mən nə adam, nə insanam...
Mən küləyəm, dəli külək...
Yoldan ötən gözəl qızın uzun qara saçlarını dağıdıb,
İçində dəli ehtiras oyadan külək...
       Mən nə adam, nə insanam...
Mən payızın yağış oğlu,
Mən payızın kö­tük ağac atasının əzabla xışıldayan,
Səsi­nə səs verilməyən,
Sarı yarpaq qızının fəryad səsiyəm.
Mən nə adam, nə insanam...
Hər qış yolların günahını donduran qa­ram...
Bəyaz qar, qırmızı qar...
Mən nə adam, nə insanam...
Səhərləri do­ğan Günəş,
Gecələri işıqlandıran Ayam mən.
Min-min ulduz içində yetim qalan,
Dan uldu­zu­yam...
Mən nə adam, nə insanam...
Mən daşam!
Və­tənində yadlaşan,
Vətən daşı,
Qaya daşı,
Çınqıl daşı...
Birinə sinə,
O birinə baş daşıyam.
Üzə­rin­də erməni bayrağını saxlayan
Şuşanın qala daşlarının göz yaşıyam.
Mən nə adam, nə insanam...
Doğma vətənimdə insanların ögey baxdığı,
Ordan-ora,
Burdan-bura daş atıb, qovduğu,
Daha sonra barmaqlıqlar arasında həbs etdiyi
Bozqurdam...
Boğazına zəncir salınan köpəyəm.
Qorxur məndən cavan da, qoca da...
Nədi, nədi buraxanda,
Üzü Qarabağa sarı qa­çan köpək qurduyam...

27 Noyabr 2010,
Bakı.