8.06.2012

“Cizgilər”lə gələn imza – Zaur Qəriboğlu


NƏZİRMƏMMƏD ZÖHRABLI

İstedadlı gənci qısqanclıqla qarşılamamaq “xəstəliyim” bu dəfə də karıma gəlmişdi. İstedadlı, gənc yazar Zaur Qəriboğlunu mediadan və şəxsən tanıyanda. Ədəbiyyatın çağdaş üslublu imzalarından biridi Zaur Qəriboğlu.
...İlk öncə heç kimdə və heç yerdə təkrarlanmayan “cizgilər”i diqqətimi cəlb elədi. Qorxdum. Qorxdum ki, məzmunu yaşından çox-çox irəlidə görünən, formaca ənənələri qırmış gənc yazarı ürküdə bilərlər tutduğu yoldan. Tutduğu bənzərsiz, təkrarsız, özünəməxsus yoldan.
...Heç kimə bənzəməmək. Maraqlı layihədi beyinlərdə, ideyalarda. Ancaq heç kimə bənzəməmək hamının inkarı da deyil. Təəssüf ki, bunu novatorların hamısı dərk edə bilmir. Yenini yaratmaqsa... Tamamilə yenini. Bu zor işdi. Xüsusilə yazarlar üçün. Böyük Yaradanın yaratmaq fitrətindən bir damcı pay ala bilənlər gedirlər bu yolu.
On beş yaşında kitab yazmaq fürsəti şübhəsiz ki, Allahın insana bəxşişidi. Mübaliğəsiz-filansız. On beş
yaşında hələ “ağzından süd iyi gələn” kimsənin yazdıqlarının ictimai yükünün olması isə artıq gələcəyin bir parlaq zəkalı ziyalısının ilkin simptomlarını təqdim edir cəmiyyətə.
Zaur Qəriboğlunun “Cizgilər”indəki formaca kiçik, dərin ictimai məzmunlu yazılarından bəzi sitatlarla tanış etmək istəyirəm sizləri: “Sonradan üçrəngli bayrağını səfirlik qarşısında görüb gözlərim dolanda sənin üçün nə darıxdığımı anladım, Vətən”, “Qəriblikdəki ikimərtəbəli, bağ-bağatlı evimizdə özümü uçulub-dağılmış komada hiss edirəm”, “Onda duydum sənin mənə nə qədər doğma və əziz olduğunu Vətən!.. Qəriblikdə anladım sənə olan sevgimi”. Belə misalların sayı onlarla, yüzlərlədi Zaurun yaradıcılığında. Hamısı da yaşantıların fonunda vətəndaşları, xüsusilə də gəncliyi ruhladırmağa, ayıltmağa istiqamətlənmiş, fəlsəfi izahlarla vətənpərvərlik duyğularına köklənmiş fikir cizgiləri...
...Zaur özünü roman janrında da sınayıb. Burada da bir Azərbaycan ədəbi mühiti üçün modern, bənzərsız üslubun şahidi olur oxucu. “Qaragünün Ağgün vəkili” adlanır onun ilk romanı. Ölkədə keçirilən seçkilərlə ilgili olaylara ekskurslar üzərində qurulan mövzusu tamamilə ictimai-siyasi həyatımızı əks etdirir romanın. Gənc müəllif romanda nəyin bahasına olursa-olsun həcm davası aparmayıb. Çalışıb ki, ətrafında baş verənləri bu romanın ideya istiqamətində mümkün qədər çox əhatə edə bilsin. Təbii ki, romana ağırlıq gətirmədən. Onu yerli-yersiz ifadələrlə yükləmədən. Ədəbiyyatçıların təbirincə desək, acı bağırsaq kimi dartıb uzatmadan. Oxucu romanı oxuyanda öz həyatının, onu əhatə edən gerçəkliklərin tam inikasını görür “Qaragünün Ağgün vəkili”ndə. Bunu yəqin ki, nə vaxtsa ədəbi tənqid dəyərləndirəcək.
Gənc yaşlı, az qala Qarabağ olayları ilə yaşıd Zaurun erməni məkrini və vətənpərvərlik hisslərindən məhrum “azərbaycanlılar”ı ifşa edən iki pərdəli, bir şəkilli “Zirzəmi” pyesini ölkənin bütün gənclərinin oxumasını arzulayıram. Vətənpərvərlik duyğularının oyanışı və çağdaş ədəbiyyat barədə məlumatlı olmaları baxımından.
Zaur Qəriboğlu imzasına isə tutduğu yaradıcılıq yolunda uğurlar arzulamaq qalır bizlərə. Yolçu yolunda gərək...