20.06.2012

Azərbaycan İranın əyalətidirmi?..



İran hökuməti son vaxtlar Azərbaycanın İranın əyaləti olması ilə bağlı fikirlər səsləndirir və bu üzdən də Azərbaycandakı vəziyyətə müdaxilə etmələrinə haqq qazandırırlar. Fəqət, tarixdən də məlum olduğu  ki, farslar Azərbaycanın torpaqlarını işğal edərək,  türklərin əzəli dədə-baba yurdlarında özlərinin İran adlı dövlətini qurublar. Bunu sübut edən bir neçə tarixi mənbələr və səndlər var.
Bu yaxınlarda “Yada düşdü” jurnalından Həmidə xanım Cavanşirin  “Xatirələrim” kitabından dərc olunan”Molla Nəsrəddin”
təxəllüslü Mirzə Cəlil Məmmədquluzadənin əsil-nəcabəti və uşaqlıq illəri  haqqında hissəni maraqla oxudum. Xatirələrdə əsasən Mirzə Cəlilin ailəsi, ilk yaradıcılığa başladığı illər, “Qeyrət” mətbəəsinin və “Molla Nəsrəddin” jurnalının  təsis edilməsi xatırlansa da, həmçinin bir neçə mühim sənədlərdən və məktublardan da söz açılır, onlardan da sitatlar gətirilir. Bu məktublar kifayət qədər maraqlı və diqqət çəkəndi. Mənim isə diqqətimi çəkən daha çox  N.Nikolskinin V.İ.Kolobova (1907-ci ildə Tiflis Nəşriyyat Komitəsinin sədri) məktubu oldu ki, məktubun sonunda İran Azərbaycanın əyaləti kimi göstərilir. Məktubda yazılır:
“Möhtərəm, cənab, V.İvanoviçə.Məxfi. Canişin əvəzi diqqətinizə çatdırır ki, Tiflisdə türkcə çap olunan ilk nəşrlərdən biri “Molla Nəsrəddin” və Bakıda çıxan “İxtar” (belə qəzet yoxdur, yəqin “İqbal” qəzeti nəzərdə tutulur – Ə.Tahirzadənin qeydi) qəzeti son dərəcə inqilabi mövqe tutmaqdadır. Eyni zamanda həmin nəşrlərdə bizim ordumuz, Əlahəzrət İmperatorun şəxsiyyəti, İran Şahı haqqında müsaid olmayan məqalələr, karikaturalar nəşr olunur. Qeyd edim ki, bu nəşrlər təkcə qafqazda deyil, eyni zamanda Azərbaycanın İran əyalətlərində də çox məşhurdur və əhaliyə ciddi təsir göstərməkdədir”.
Məktubdan da göründüyü kimi İran Azərbaycanın əyaləti kimi tanınırdı. Amma bu gün İran hökuməti Azərbaycana qarşı saxta tarixi “faktlar” gətirərək, Azərbaycanın İranın əyaləti olduğunu “sübut etmək” istəyir. Hətta, ötən ilin sonlarında molla rejiminin Cənubi Azərbaycanda Şərqi Azərbaycan əyaləti adlandırdığı ərazisinin məktəblərinin tarix qrup başçıları və ekspertlərin iştirakı ilə "Azərbaycan və Aran tarixinin araşdırılması" mövzusunda konfrans keçirərək, konfransda Şiəşünaslıq İnsitutunun elmi heyətinin üzvü Vəli Cəbbari Azərbaycan Respublikasının mövcud tarix kitablarında tarixi saxtakarlığın olması barədə açıqlama verərək, bildirib ki, Azərbaycanda bu məntəqənin həqiqi tarixinə diqqət etmədən və siyasi qərəzlə bu regionun İrandan ayrılmsını Qacarilər dövründə İran və Rusiya arasında razılaşmanın nəticəsi kimi qələmə verir və bu dövrdə Azərbaycan adlı müsəqil bir ölkənin olduğunu, Rusiya və İran arasında bölündüyünü iddia edirlər. Halbuki, tarixi sənədlərə əsasən, Azərbaycan adlı müstəqil bir dövlət olmamış və tarixi Azərbaycan Arazın cənubunda, İranın tərkibində olmuşdur. Arazın o tərəfinin şəhərləri İranın bir hissəsi olubdur. Bu mövzu Strabon (24-64 m.) kimi məşhur coğrafiyaşünas və Birinci Şapurun üç dildə olan kitabəsində (241-273 m.), ibn Xordad, Bəlazəri, Yəqubi kimi tarixşünasların əsərlərində, "Hüdud əl-aləm"in yazıçısı Əbu İshaq İstəxri, Fəqihin (5-ci əsr) "Əhsən əl-təvarix", Əbbasinin "Tarixi-aləmi-aray" kitablarında, müasir dövrümüzdə Avtopalı tarixçi Bartolid və digərlərinin əsərlərində öz günişliyi ilə izah olunubdur.
Konfrans iştirakçıları son olaraq isə  bizə qarşı absurd bir iddia irəli sürüb. Bizi “aran xalqı” adlandıran iranlı mollalar bu dəfə ünvanımıza yeni ayama da qoşublar: PANAZƏRİZM. Hər halda bu yeni bir termindir. Və bu terminin arxasında konkret bir niyyətin dayandığı da gün kimi aydındır. Çünki bu yolla fars-molla rejimi bizə pərçim etdiyi AZƏRİ adını da leqallaşdırmağa cəhd edir. Bu azmış kimi bu yaxınlarda daha bir əsassız iddia irəli sürərək, ədəbiyyatımıza çirkin əllərini uzadıb, dahi Azərbaycan şairi Nizami Gəncəvinin İran şairi olub, fars ədəbiyyatını təmsil etdiyini bildiriblər.
Gördüyünüz kimi İran islam adı arxasında gizlənərək, Azərbaycana qarşı əsassız iddialarından əl çəkmir. Bu iddialara qarşı dövlət səviyyəsində mübarizə aparmalı, Azərbaycan alimlərini saxtakarlıqda ittiham edən mollalara elə ziyalılar tərəfindən də cavab verilməlidir.
Bu gün məmləkətimizin ruhani təbəqəsinin bəzilərində İrana qarşı bir sevgi var. Bu sevgi başadüşüləndir. Anlayıram ki, dindarlar İslam dininin aliliyindən irəli gələrək, İrana rəğbət bəsləyirlər. Fəqət, anlamırlar ki, İran adlanan məmləkət İslam arxasında gizlənərək, antiazərbaycan siyasəti apararaq, Azərbaycan möminlərinin saflığından istifadə edərək, onları özümüzə qarşı istifadə edib, qardaşı-qardaşla üz-üzə qoyurlar. Bilin ki, İranı İslam yox, Azərbaycan dövlətçiliyini zəiflətmək, dediyi kimi Azərbaycanı doğurdan da əyalətinə çevirmək düşündürür. Tarixdən də göründüyü kimi daima xarici - düşmən qüvvələr bizim sentimental hisslərimizdən istifadə edərək, ərazilərimizi işğal edib, özümüzü də  manqurtlaşdırıb, özlərinə qul ediblər. Fəqət, Babəki, Dədə Qorqudu, Nəimisi, Nəsimisi olan bir xalq heç vaxt qul olmayıb, olmayacaq da!
Bu yazımla Oğuz türklərinə səslənir, tariximizə, dövlətçiliyimizə, millətimizə sahib çıxmağı, düşmən qüvvələrin silahına çevrilməməyi rica edirəm. Bu məmləkətdə yaşayan hər bir kəs – dindarı da, deisti də, ateisti də bizim qardaşlarımızdır. Gəlin, düşmənlərimizin diktəsi ilə qardaşlarımızı düşmən kimi görməyib, özümüzü sevək, insanımızı, dövlətimizi, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı sevək. Sevgi elə bir hissdir ki, əgər, bu hiss bizdə olarsa, heç kim bunu bizdən ala bilməz! Sevin bir-birinizi insanlar, sevin... Bizi özümüzə olan SEVGİ xilas edəcək.

20 İyun 2012,
Bakı.