7.06.2012

Atamın göz yaşları...


Mənim təsəvvürümdə atalar müqəddəs bir varlıqdır. Hətta elə bir varlıq ki, ataları yerdəki Allah da adlandırmaq olar. Mənə görə atalar çox qürurlu olur, onlar ağlamır, hər şeyə soyuqqanlı yanaşırlar. Ata göz yaşı görmək yuxu kimi gəlirdi mənə. Fəqət, sən demə atalar da ağlayırmış...
***
            Mənim atam çox qapalı və qaraqabaq adamdı. Onu heç vaxt (Əvvəllər içkili olan vaxtlarını çıxmaq şərtiylə) kiminləsə danışan, gülən, dərdini bölüşən, ağlayan görməmişdim. Bu adam ancaq özüylədir, özünü başqasına açmır. Fəqət, atamın ürəkdən danışıb, gülən vaxtını ilk nəvəsi, qardaşımın oğlu Nihadla görmək olar ki, böyüklərdən fərqli olaraq, bu uşaqla daha sərbəst və səmimi olur.
            Nihadın altı yaşı var, bu il, daha doğrusu bir neçə gün sonra evimizin yanındakı orta məktəbə gedəcəkdi...
***
            Ötən günlərin birində qardaşımla arvadının arasında yenə söz-söhbət oldu, o, uşağını da götürüb, anasıgilə getdi. Qardaşıma acıq vermək üçün: - “Sizi uşağa
həsrət qoyacağam” deyib, Nihadı telefonda belə atasıyla və bizimlə danışmağa qoymadı.

***
            Günorta idi. Evdə heç kim yox idi. Anam bibimgilə getmiş, qardaşım işdə, atam isə yenə də həmişəki kimi öz otağında idi. Mən də öz otağımda uzanıb, Joze Saramaqonun “İsanın incili” romanını oxuyurdum. Birdən atamın otağından həmişə Nihadla birgə dinlədiyi bir uşaq musiqisinin səsini eşitdim. Atam heç vaxt tək olanda, musiqi dinləməz, ya televizora baxar, ya da yatardı. Amma indi cizgi filmindən olan musiqinin səsi atamın otağının bağlı qapısının o tayından evə yayılırdı. Öz – özümə sevindim: - Yəqin, Nihad evə qayıdıb, - deyə, sevincək, kitabın vərəqini qatlayıb, ayağa qalxıb, atamın otağına tərəf getdim ki, Nihadı öpüm (Evdə olanda, hər gün ona iyirmi qəpik verib, öpürəm. Elə - belə babasından başqa heç kimi öpməyə qoymur). Sevindiyimdən heç qapını da döymədən, birbaşa açıb otağa girdim. Atam həmişəki kimi divanda uzanmışdı, televizor da sönülü idi.Mobil telefonuna yazdırdığı, Nihadın çox sevdiyi cizgi filmdən olan musiqini qoşub, ağlayırdı atam... Məni görcək, tez gözlərini gizləməyə çalışdı. Amma mən onun nəmli gözlərini, qızaran burnunu gördüm. Dərhal narahat olmasın deyə: - Mənim qələmim bu otaqda qalmayıb ki, - deyib, otaqda bir az eşələnib, çölə çıxıb, öz otağıma gəlib, içimi boşaltmaq istədim. Atam Nihadın evdə olmaması, onun “baba” sözünü özünə məxsus şəkildə uzadaraq: “Baabaa” deməsi üçün qəribsəmişdi. Onun üçün də ağlayırdı. Fəqət, mən atam kimi ağlaya bilmədim. İçim parçalandı, atamın üzündə gəzdirdiyi gözlərinin yaşına ürəyimin gözləri hönkürdü. Demək, atam kimi ağlamaq üçün gərək, özüm də ata olam və həmin hissləri yaşayam.
 Hamı atamı soyuqqanlı, özündən başqasını sevməyən kimi bilirdi. Amma mən bu gün atamın göz yaşalrında içində gəzdirdiyi sevgini gördüm. Demək, atam yenə də sevirdi... Əvvəllər mən uşaq olarkən, məni necə sevirdisə, bu gün də həmin sevgiylə, bəlkə, ondan da çox məhəbbətlə ilk nəvəsini – Nihadı sevirdi...
***
            Kim deyir ki, sevgi müvəqqətidir, insan sevgisi heç vaxt əbədi ola bilməz?!
            Sevgi ana bətnində uşaq formalaşan mərhələdə onun bədənində yoğrulur. İlk sevgini bətndə anaya duyur, ananı sevir. Daha sonra doğulur, əzizlərini, evini, vətənini sevməyə başlayır. Bu sevgilərin arasında yerini dəyişmələr baş verir: Yəni içindəki sevgi məhv olmur, sadəcə, ötürülə-ötürülə davam edir. Bu gün atamı sevgisiz, soyuqqanlı bilməyimizin yanlış olduğunun şahidi olmaqla, sevgi ötürülməsinin bir daha həqiqət olduğunu özüm üçün isbat etdim. Atam doğulandan bəri olan sevgilərini balaca Nihadda cəmləyibmiş.


13 Sentyabr 2011,
Bakı.