18.06.2012

Arzularım...


I qrup əlil Aytən İbrahimovaya ithaf edirəm.

Hamı kimi mənim də arzularım var.
Mən də istəyirəm ki, sevdiyim olsun, onunla nişanlanım, saatlarla telefonda danışaq, arada sözümüz çəp gəlsin, küsüb telefonu qapadaq. Sonra o mənimlə barışmaq üçün günlərlə zəng eləsin, mən telefonun ekranında onun adını görüb sevinsəm də, nazlanıb telefonu açmayım. O da vəziyyətin qəlizləşdiyini görüb mesaj yazsın: “Canım-gözüm, hazırlaş, gəlirəm səni gəzməyə aparam”.
Mesajı oxuyan kimi hər şeyi unudub, atamın mənə aldığı yaşıl donu geyinib, güzgünün qabağında saçıma daraq çəkib, anamın yanına qaçıb “Necə görünürəm?” soruşum. Anam da gülümsəyib “həmişəki kimi gözəlsən” desin. Sonra tələsik pəncərəyə yaxınlaşıb, qamətiylə dayanacaqdakıların nəzərini cəlb edən nişanlımın pəncərəmizə baxıb gülümsədiyini görüb tələsik aşağı enim.
Yaxınlaşan kimi küsülülüyümüzü unudub görüşək, ətrafda xeyli adam olmasına baxmayaraq o mənim yanağımdan öpsün. Amma mən dərhal təslim olmayım, hələ bir az da naz eləyim ona. Sonra onun mehribanlığı ürəyimin “buzunu” əritsin, uşaq şıltaqlığıyla qoluna girib balaca quşcuğaz anasına sığınan təki ona sığınım.
Avtobusu gözləməyib metroya düşək. Vaqonda qapı ağzında dayanaq, əllərimdə əllərinin hərarətini duyum. O, dodaqlarını qulağıma yaxınlaşdırıb pıçıltıyla “Səni sevirəm” desin, boynuma yayılan nəfəsi bədənimi titrətsin, yanaqlarım qızarsın...
“İşərişəhər” stansiyasında metrodan çıxıb Sabir bağına enək. Böyük şairin heykəli qarşısında durub yoldan ötən birindən şəklimizi çəkməsini rica edək. Sonra İçərişəhərə gedib xeyli gəzək, ardınca da Qız qalasına doğru addımlayaq. Əvvəlcə qalanın arxasındakı köhnə kitab mağazasına girək, kitabların birini götürüb o birini qoyaq, qiymətlərini soruşaq. Sonra ordan çıxaq, gülümsəyən satıcı qızdan bilet alıb qalaya girək, divar boyu burulan pilləkənlərlə yuxarı qalxaq. Hərdən mərtəbələrdə dayanıb əl-ələ tutaq, bələdçi qızın danışdıqlarına qulaq verək.
Qalanın üstündə ingiliscə danışan əcnəbiləri görüb onlara yaxınlaşaq, “Bura İngiltərə deyil e, Azərbaycandır, burda bizim dilimizdə danışın” deyək. Onların bizi anlamadığını görüb gülək, bir qırağa çəkilək. O mənim boynumu qucaqlayıb dənizi, səmanı, günəşi göstərsin mənə...
Birdən telefonum zəng çalsın, anam “Atan əsəbləşib, tez evə gəl” deyə pıçıldasın. Tələsik aşağı enək, arada ayağım büdrəsin, az qala yıxılam, o, tezcə belimdən tutsun, mən də zarafatla onun əlini kənara itələyim, o da “minnətin olsun, tutmasaydım yıxılacaqdın” deyib gülümsəsin...
Beləcə danışıb gülə-gülə nişanlım məni evimizə qədər gətirib geri dönsün. Qapını açan anam şəhadət barmağını dodaqlarının üstünə qoyub sakit olmağımı işarə eləsin. Qonaq otağında qaş-qabağını sallayıb televizorda xəbərləri izləyən atamın yanından sakitcə sivişib öz otağıma keçim, əynimi dəyişib o, evlərinə çatana qədər telefonumun qulaqcığından musiqi dinləyim.
Sonra anamın çiynimə dəyən əlindən diksinib geri dönüm, o da sakitcə “səni telefona çağırırlar” desin. Sevincək qulaqcıqları çıxarıb kənara atım, dəstəyi götürüb bir-birini illərdir görməyən həsrətlilər kimi səhərə qədər söhbət eləyək, gələcək ailəmiz, övladlarımız haqqında danışaq. Arada uşaqların ad məsələsində mübahisəmiz də düşsün...
Amma bütün bunlar sadəcə mənim xəyallarımdı...
Mən pəncərənin qabağında oturub yağış damcılarının pəncərəmizi necə islatmasını seyr edirəm, onların da mənim halıma ağladığını zənn edib göz yaşlarıma hakim kəsilə bilmirəm...
Mən özümdə güc tapıb ayağa qalxmaq, qaçaraq çölə çıxmaq, yağışın altında islanmaq istəyirəm...
Alınmır...
Mən həyatı əlil arabasında keçən şikəst gənc qızam... 

31 oktyabr 2010,

Bakı .