6.06.2012

Adamlar, gəlin, insan olaq... (Fikir cizgiləri)


“İnsanlaşın, insanlaşdırın...”
Asif Ata

Gecədən işıqlarımız sönüb. Yazı masamın üstündə yanan şamın titrək işığı yazdığım vərəqin üzərinə düşür. Qələmi və əlimi vərəqin üzərində qara kölgəsi müşayət edir. Sanki, əlimin altında da hansısa bir əl vərəqin alt qatına nəsə yazır. Fəqət, nə yazır, bunu bilmirəm... O da mənim nə yazdığımı bilmir. Ağlına da gəlməz ki, vərəqin üst qatında onun haqqında yazıram.
Ümumiyyətlə, mənə görə həyatda hər bir şeyin görünən və görünməyən – qaranlıq tərəfləri var. Eynən, əlimin məni izləyən qara kölgəsi kimi... Yaxud, dodaqlarımda ciyərlərimə sovurduğum, daha sonra burnmun dəliklərindən buraxdığım siqaret tüstüsü...
Kiməsə görə bu adi siqaret tüstüsüdür. Amma mənim üçün yox! Mənə elə gəlir ki, içimdən çıxan siqaret tüstüsündə içimdəkilər adam formasına düşür, fəryad edir, qışqırır, qayıdıb, insanda cəmləşmək, yaşamaq istəyir. Fəqət, alınmır. Çünki heç kim siqaret tüstüsündə fəryad edən o adamı görmür, eşitmir. Onu görmək, eşitmək üçün ən azından duman olmaq lazımdı. Fərq etməz, vacib deyil ki, siqaret tüstüsü olasan, məsələn gecənin qaranlığında sobanın üstündə pıqapıq qaynayan çaydanın qapağının üzərindəki balaca dəlikdən çıxan buxar da olsan, dumanlarda fəryad edənləri görə bilərsən...
Bəs, görən, adamlar niyə bir-birinin fəryadını görmür?! Fiziki görməkdən yox, mənəvi görməkdən danışıram. Bir adamın digərini mənəvi görməsi nə lazımdı?!. Zənnimcə, birinci növbədə, insanlaşmaq lazımdı. Necə ki, Asif Ata deyirdi: “İnsanlaşın, insanlaşdırın...” Bu sözlərdə həqiqət var. Gerçəkdən də, adam özü insanlaşmasa, kimsəni insanlaşdıra bilməz. Birincə növbədə, özün insan olmağa çaba göstərməlisən, insan ola bildinsə, demək, artıq özünü də mənəvi cəhətdən görmüsən. Əgər, görməsəydin, insan ola bilməzdin. İnsan olmaq adamları görüb, insanlaşmalarına çalışmaq deməkdi. Nəhayət, insan olmaqla mənəvi görməni də bərpa etmiş olursan.
Bəzən, adamlar ölümdən, cəhənnəmdən qorxurlar. Amma insan olduqdan sonra bu qorxular səni tərk edir. Çünki artıq səni ölüm, ölümdən sonrakı cəhənnəm qorxusu yox, yaşı bəlli olmayan bəşəriyyətin adamlarının hələ də çoxunun insan olmadığı narahat edir. Anlayırsan ki, insanların az olduğu bəşəriyyət çox təhlükəlidir. Adamlarla dolu olan bəçəriyyətdə, nə desən, mümkündür. Bu üzdəndir ki, bu gün terror, kimsənin torpaqlarını işğal etməklə yanaşı, ən böyük işğal soyqırım olan şüuruişğal əməliyyatları bəşəriyyətdə uğurla həyata keçirilir. Şüuru işğal olunanlar isə insanlar yox, adamlardı. Özləri də bilmədən, şüuru işğal əməliyyatının qurbanlarına çevrilirlər. Bir adamın torpağını, var-dövlətini, hər bir şeyini işğal etmək olar, bunu gec-tez geri qaytarmaq mümkündür. Amma bir adamın ki, şüuru işğal olunsa, artıq şüurun geri qaytarılması qəlizdir. Düşünə bilərsiniz ki, torpağı necə qaytarmaq olar ki, əsrlərdi Təbrizimiz, Göyçəmiz, İrəvanımız, ən nəhayət, yaxın tarix olan Qarabağımız hələ də işğal altındadır. Qarabağı deyə bilmərik, amma ondan öncə işğal olunanların geri qaytarılması mümkünsüzdür. Bu yerdə onu deyim ki, bu da şüuruişğalla bağlıdır. Çünki bizim torpağımızdan öncə şüurumuzu işğal ediblər. Şüurumuzu işğal edə bilməsəydilər, torpaqların işğalı qeyri-mümkün idi. Şüuru işğalın bir nümunəsini deyim ki, illərdən bəri, torpaqları işğal oluna-oluna gələn, baba, nənələri tikə-tikə doğaranıb, soyqırıma məruz qoyulan, vətəndaşı düşmənə əsir düşən bir millətin nümayəndəsi: “Nə vətənpərvərlik, vətənpərvərə patriot deyirlər, mən kosmopolitəm” deyirsə, bu millətin sabah bir qarış torpağının da qalacağına artıq şübhə edirəm.
Vətənpərvər deməklə, qətiyyən, insanları irqlərə bölmək istəmirəm. Mənim üçün millətdən öncə İNSAN var. Əgər, insan ola bildinsə, millət də olacaqsan, millət olmağı bacardınsa, dövlət də olacaq, yaşadığın torpağı qorumağı da bacaracaqsan. Haqlı- haqsız kimlərinsə, daha doğrusu insanların torpağını işğal etmək haqqında da düşünməyəcəksən. Anlayacaqsan ki, hərənin özününki özündədir. Odur ki, adamlar, gəlin, insan olaq. İNSAN olaq ki, bəşər qurtulsun!

09 Noyabr 2011, 
Bakı.